11:21 15-09-2011
news_image
1932
STOLÜSTÜ OYUNLAR

“Mən həmişə yayda pis oynayıram”

Azərbaycan milli komandasının üzvü, qrossmeyster Rauf Məmmədovun apasport.az saytına müsahibəsi

- Xantı-Mansiyskdə keçirilən Dünya Kubokuna iddialı yollansanız da, ilk mərhələdə mübarizəni dayandırdınız. Elə də güclü olmayan hindistan şahmatçısı Abhijit Quptaya məğlubiyyəti nə ilə əlaqələndirərdiniz?
- Düzünü deyim ki, həmin yarışda çox pis çıxış etdim. Bu barədə çox danışmaq istəmirəm. Lakin ilk oyunda qara fiqurlarla heç-heçə etdiyim halda, ikinci partiyada daha pis uduzdum. Çünki ağ fiqurla görüşdə heç nə edə bilmədim.

- Belə zəif çıxışınıza səbəb nədir?
- Bunu özüm də bilmirəm. Nəsə axır vaxtlar çox pis oynayıram. Bəlkə də indi formamı itirmişəm. Mən ümumiyyətlə, həmişə yayda pis oynayıram. Amma bu dəfə lap pis oldu. Sözün açığı, belə uduzacağımı gözləmirdim.

- Bəs əvvəlki nüfuzunuzu qaytarmaq barədə nə fikirləşirsiniz?
- Şahmat dili ilə desək, lazımı gedişlər edəcəyəm. Amma mənim və hətta komanda yoldaşlarımın zəif çıxışı oyun praktikasının azlığı ilə əlaqədardır. Bunun üçün əvvəlki formamı qaytarmaq üçün beynəlxalq arenada daha çox oynamalıyam. Bu olmasa, çox çətindir. Dünya Kubokunda Şəhriyar Məmmədyarov da bu səbəbdən 1/16 finalda uduzdu. Yəni, mən lazımı praktikanı toplasam, hər şey yaxşı olacaq.

- Təcrübə toplamaq üçün beynəlxalq yarışlarda iştirak mühüm amildir. Siz də daxil olmaqla, digər şahmatçılarımız bu il beynəlxalq turnirlərdə az iştirak etdilər. Bu nə ilə bağlıdır?
- Səbəbini dəqiq deyə bilmərəm. Amma gələcəkdə belə yarışların sayını artırmalıyıq ki, məğlubiyyətlərimiz az olsun.

- Dünya Kubokuna millimizin 5 üzvü yollanmışdı. Siz məğlubiyyətinizin səbəblərini açıqladınız. Bəs komanda yoldaşlarınız niyə uduzdular?
- Fikrimcə, Vüqar Həşimovla Teymur Rəcəbov yaxşı çıxış etdilər. Onlar 1/4 final mərhələsinə yüksəlməklə yanaşı, reytinqlərini də qaldırdılar. Hətta gözləyirdim ki, Dünya Kubokunda Azərbaycan finalı olacaq. Təəssüf ki, bu, baş vermədi. Teymur ilk matçda uduzduğu halda, sonradan hesabı bərabərləşdirdi. Lakin tay-brekdə bəxti gətirmədi. Məncə, Şəhriyar Məmmədyarov da bir az formasını itirib, oyun praktikasından çətinlik çəkir. Bunun üçün daha tez uduzdu. Namiq Quliyevin rəqibi isə çox güclü idi. Buna görə də onu çox qınamıram.

- Dünya Kubokunun ardınca, Yuqra Qubernatorunun 7-ci kubokunda da iştirak etdiniz. Burada isə elə də güclü şahmatçılar yox idi. Amma nə klassik, nə də sürətli şahmatda fərqlənə bildiniz...
- Orada da 125 qrossmeyster var idi. Amma təbii ki, Dünya Kuboku ilə müqayisə edilə bilməz. Bu turnirdə 7-ci tura kimi liderlər qrupunda qərarlaşmışdım. Sonuncu 2 görüşdə isə özüm heç özümü tanımadım və təəssüf ki, uduzdum.

- Bəs hələ də davam edən Dünya Kubokunda çempion kimi görürsünüz? Artıq rusiyalılar Peter Svedlerlə Aleksandr Qrişuk müvafiq olaraq, Ukrayna təmsilçiləri Ruslan Ponomoryovla Vasili İvançuku məğlub etməklə finala yüksəliblər...
- Əlbəttə, Qrişuka azarkeşlik edirəm. Çünki o, SOCAR-da komanda yoldaşımdır. İstəyirəm ki, çempion olsun.

- SOCAR-dan söz düşmüşkən, heyətinizdə 2 dəyişiklik var. Amma buna baxmayaraq, klublararası Avropa çempionatının reytinq favoritisiniz. Bu il yekunda da bu birinciliyi saxlaya biləcəksinizmi?
- İnşallah, bu dəfə yalnız çempionluq planlaşdırırıq. Fikrimcə, bunu bacaracağıq da. Çünki komandamız çox güclü şahmatçılardan ibarətdir və başqa yolumuz da yoxdur. Düzdür, ötən il bir az bəxtimiz gətirmədi. İkinci yeri tutmalı idik. Amma alınmadı. Bu il isə gümüş medallar bizi qane etməyəcək. İnanıram ki, Sloveniyadan çempion kimi qayıdacağıq.

- Vüqar Həşimovun yığmaya qaytarılmasından sonra SOCAR-da da oynayacağı gözlənilirdi. Lakin belə olmadı. Bəlkə Çində keçirilən dünya çempionatında yenidən onunla kapitan Vladimir Tukmakovun arasında yaranan söz-söhbət burada rol oynadı...
- Xeyr, belə deməzdim. Məsələn, bunu futbolla müqayisə etsək, dünyanın ən yaxşı komandası “Barselona”nın heyəti heç də ispanlardan qurulmayıb. Bunun üçün klubla, yığmanı qarışdırmaq düzgün olmaz. Yəni SOCAR-ın rəhbəri kimi istəyirsə, onu da çağırır. Bu da normaldır.

- Bəs onda Qədir Hüseynovun Ukrayna klubuna yollandığı halda, Vüqarın belə möhtəşəm yarışdan kənarda qalmasını nə ilə izah edərdiniz?
- Bilirəm ki, Həşimova təkliflər olub. Lakin klublara yollanmağı ya özü istəməyib, ya da müqavilə xoşuna gəlməyib.

- Avropa çempionatının startına günlər qalır. SOCAR tam heyətlə təlim-məşq toplanışı keçəcəkmi?
- Xeyr. Biz sentyabrın 22-də yarışın keçiriləcəyi Sloveniyada bir yerə yığışacağıq. Hələ ki, özümüz hazırlaşırıq.

- Siz formadan uzaqda olduğunuzu dediniz. Belə hal SOCAR-ın heyətində çıxışınızda hansısa problem yaratmayacaq ki?
- Bilirsiniz necədir? Artıq uduzmağına uduzmuşam. Əsas yarışlarda – dünya çempionatında və Dünya Kubokunda çox zəif çıxış etmişəm. Bu dəfə isə bir az rahat oynaya bilərəm. Çünki çox mötəbər yarışdır. Məncə, Sloveniyada alınacaq.