13:29 15-09-2011
news_image
2064
DİGƏR NÖVLƏR

Yenə “wild card”

“İdmançılarımızın çıxışlarını qənaətbəxş sayıram. Çünki heç kim boyundan yuxarı tullana bilməz. Millimizin snayperləri Zemfira Meftahəddinova və Emin Cəfərov qatıldığı yarışlarda öz şəxsi nəticələrini daha da yaxşılaşdırdılar”. Bunu apasport.az saytına açıqlamasında stend atıcılığı üzrə Azərbaycan milli komandasının baş məşqçisi Hafiz Cəfərov deyib.

Təcrübəli mütəxəssis Belqradda başa çatan mundialda yığma üzvlərinin medal qazana bilməmələrinə münasibət bildirib. Onun sözlərinə görə, təmsilçilərimiz fəxri kürsüyə yüksələ bilməsələr də, çıxışları bərbad da olmayıb: “Fikirləşin, finala yüksəlməyə Zemfiranın cəmi 1 xalı çatmadı. 75 mümkün xaldan 71 xal topladı. Bu, onun ilk bəxtsizliyi deyil. Bundan öncə də 3 yarışda 1 xala görə həlledici mərhələyə yüksələ bilməyib. 1 dəfə isə xallar eyni olduğundan əlavə atışda uduzub. Emin Cəfərov da bir neçə dəfə eyni aqibəti yaşayıb”.

Dünya çempionatı London-2012-yə lisenziya xarakterli son yarış olub. Lakin Cəfərov bildirib ki, stend atıcılığında 1 “wild card”a ümid bəsləyirlər və bunun üçün müraciət edəcəklər: “Biz hələ ümidimizi üzməmişik. Artıq dünya çempionatı bitdiyindən beynəlxalq federasiyaya yanvara kimi rəsmi müraciət edəcəyik. Bu müraciətdə 2 idmançımızın – Zemfira və Eminin adını göstərəcəyik. Onlardan hansının nailiyyətləri son ildə daha yaxşı olubsa, London Olimpiadası üçün də beynəlxalq qurum onu seçəcək. Ancaq təbii ki, bizə güzəştli kart verəcəkləri halda”.

Qeyd edək ki, Beynəlxalq Atıcılıq Federasiyası müstəqillik illərində 2 dəfə stend atıcılarımıza “wild card” verib. Bunlar Sidney-2000 və Pekin-2008-ə təsadüf edib. Hər ikisində isə ölkəmiz adından Zemfira Meftahətdinova möhtəşəm oyunlara yollanıb və ilk cəhdindəcə Olimpiya çempionu titulunu qazanıb. O, bununla yanaşı, Olimpiadada 2 yeni rekord da müəyyənləşdirib.