14:56 15-09-2011
news_image

Ağayar Axundzadə nazirlə razılaşmadı

“Cüdo yığmasına cəlb olunacaq kanadalı mütəxəssisi tanımıram, hələ üzünü görməmişik”. Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadə deyib.

Gənclər və idman naziri Azad Rəhimov ötən həftə keçirdiyi mətbuat konfransında cüdo millimizə Kanadadan fiziki hazırlıq üzrə məşqçinin cəlb olunacağını bildirib.

Axundzadə isə deyib ki, bu cür məşqçilər Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerin təklifi ilə və İJF-nin hazırladığı xüsusi proqram əsasında bütün ölkələrə göndəriləcək. Ölkələr həmin mütəxəssisləri yemək və qalmağa yerlə təmin etməlidir. Məşqçilər cüdoçuların fiziki imkanlarını nəzərdən keçirəcəklər.

Axundzadənin fikrincə, böyüklərdən ibarət yığmamızda fiziki hazırlıq üzrə məşqçiyə ehtiyac yoxdur: “Biz olimpiya çempionu və olimpiya mükafatçısı hazırlaya bilmişiksə, fiziki hazırlıq üzrə məşqçiyə lüzum görmürəm. Bu gün bazaya ehtiyacımız var. Fiziki hazırlıq üzrə məşqçinin gələcəyini deyirlərsə, qoy gəlsin. Görək, nə öyrədəcək bizə? Bəlkə 3-4-cü olimpiya çempionu da hazırlayacaq?”

Millimizin baş məşqçisi bildirib ki, fiziki hazırlıq üzrə məşqçi yeniyetmə və gənc cüdoçularımızla işləyə bilər. Böyüklərdən ibarət yığmanın isə buna vaxtı məhduddur. Çünki yarışlar arasındakı interval qısadır.