09:13 19-09-2011
news_image

Milli komandamız London-2012-yə daha 4 lisenziya qazanıb

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə dünya çempionatının qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışın son 2 günündə Azərbaycan milli komandasının daha 4 üzvü mükafatçılar sırasında yer alıb.

Şərif Şərifov (84 kq) bütün rəqiblərinə qalib gələrək, dünya çempionu adını qazanıb. O bununla da Olimpiadaya lisenziyanı özü üçün təmin edib. Digər sərbəst güləşçilərimiz Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Cəmaləddin Maqomedovun (120 kq) isə mundialda qazancı həm bürünc medal, həm də London Yay Olimpiya Oyunlarına lisenziya olub.

Beləliklə, bir həftə davam edən dünya çempionatını milli komandamız 2 qızıl, 1 gümüş və 5 bürünc medalla, eyni zamanda 7 lisenziya ilə başa vurub. Yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (55 kq) 1-ci, Saman Təhmasibi (84 kq) isə 5-ci pilləni tutub. Hər 2 pəhləvanımız London-2012 Yay Olimpiya Oyunlarına lisenziyaya sahib çıxıb.

Qadınlardan ibarət yığmamızın heyətində Mariya Stadnik gümüş (48 kq), Patimat Baqomedova (51 kq) və Sona Əhmədli (59) bürünc medala yiyələniblər. Stadnik həm də olimpiadada iştirak hüququna yiyələnib. Digər 2 xanım idmançımızın çıxış etdiyi çəki Olimpiada proqramına daxil edilmədiyindən bu medallar lisenziya gətirməyib.

Qeyd edək ki, bu dünya çempionatından sonra Azərbaycan milli komandasının London-2012-yə qazandığı lisenziyaların sayı 16-ya yüksəlib. Güləşçilərimizdən öncə isə atletikanın çəkicatma növündə Dmitri Marşin, taekvondoçularımız Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçumuz Soltan Migitinov (75 kq), güllə atıcımız İradə Aşumova, kanoeçilərimiz Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr) və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti (2 nəfərlik qayıqla 1000 metr), akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva (hər 2-si 1 nəfərlik qayıqla 2000 metr) da 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.