14:48 21-09-2011
news_image

4-ü irəlilədi, 3-ü gerilədi

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahıda Azərbaycan milli komandasının əsas heyətinin üzvlərindən 3 nəfər geriləyib.

Bunlar Ramilə Yusubova (63 kq), Kifayət Qasımova (57 kq) və Elmar Qasımovdur (100 kq). Onlar müvafiq olaraq, 6, 5 və 4 pillə aşağı düşərək, cədvəldə 22-ci, 12-ci və 33-cü yerdə qərarlaşıblar.

Digər cüdoçularımız - İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Elxan Rəcəbli (81 kq) və Elxan Məmmədov (90 kq) isə hərəyə 1 pillə irəliləyiblər. Nəticədə bu idmançılar müvafiq olaraq, 11-ci, 14-cü, 15-ci və 4-cü yerə yüksəliblər.

Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) isə mövqeyini toxunulmaz saxlayıb. Təmsilçimiz 944 xalla 3-cüdür.

Xatırladaq ki, London-2012-yə Olimpiada ərəfəsində yekun siyahıda kişi idmançıların reytinqində ilk 22 yer, zəriflər arasında isə 12 yer lisenziya qazanacaq.