15:19 21-09-2011
news_image

Rusiya və Ermənistan yığmalarının qaldığı yer xüsusi qorunacaq

“Boks üzrə Rusiya və Ermənistan milli komandaları Bakıda keçiriləcək dünya çempionatı müddətində digər komandalardan aralıda – şəhər kənarındakı xüsusi qorunan idman bazasında qalacaqlar”. Lent.az-ın məlumatına görə, bu sözləri Rusiya Boks Federasiyasının icraçı direktoru Yevgeni Sudakov “Ves Sport” agentliyinə açıqlamasında deyib.

Sudakov bildirib ki, Azərbaycan Boks Federasiyası (ABF) rəhbərliyi ilə əldə olunan müvafiq razılaşma məlum səbəblərdən irəli gəlir: “Bu, siyasi xarakterli qərardır. Bizim komandanın heyətində 2 erməni soyadlı boksçu – David Ayrapetyan və Mişa Aloyan var. Hərçənd, ermənilər və azərbaycanlılar arasındakı açıq etnosiyasi münaqişə artıq geridə qalıb, amma hər halda biz sığortalanmağı qərara aldıq”.

Öz növbəsində, ABF-in I vitse-prezidenti Ağacan Abiyev Lent.az-a açıqlamasında bu məlumatı təsdiqləyib. O bildirib ki, Ermənistan və Rusiya yığmaları “Sərhədçi” İdman Olimpiya Mərkəzində qalacaqlar: “”Sərhədçi”də hər cür şərait var. Yeməkləri, qalmaqları, məşqləri elə oradadır. Bir çox ölkənin nümayəndə heyəti bu idman qurğusunu istəyirdi. Lakin biz təhlükəsizliyi göz önünə alaraq, orada yalnız Rusiya və Ermənistan yığmalarının qalmalarına icazə verdik”.

Həm Ermənistan, həm də Rusiya yığmaları Azərbaycan paytaxtına sentyabrın 23-də gələcəklər. 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı sentyabrın 26-da start götürəcək. Yarış oktyabrın 8-dək davam edəcək.