17:07 21-09-2011
news_image

Nəriman Abdullayev: Dünya çempionatında ən azı 5 medala ümid edirik

“Hal hazırda milli komandamız çox yaxşı formadadır. Yarışa çox az vaxt qalıb. Yığmanın məşqçiləri, həkimləri idmançıların hazırlığına çox ciddi fikir verirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri boks üzrə Azərbaycan milli komandasının məşqçisi Nəriman Abdullayev deyib.

O, Bakıda keçiriləcək boks üzrə dünya çempionatının startı ərəfəsində təşkil olunan yığmamızın açıq məşqçi zamanı jurnalistlərin suallarına cavab verib. Mütəxəssis boksçularımızın lisenziya xarakterli yarışa tam hazır sayır: “Əsas odur ki, ciddi zədələr yoxdur. Bəzi idmançılarda cüzi zədə var ki. barmaqdakı xəsarətlər boks üçün önəmli sayılmır. Dünya çempionatında ümidləri doğruldub uğurlu çıxış etmək istəyirik. Doğma divarlar arasında daha yaxşı nəticələr qazanmalıyıq. Rusiyada yaxşı təlim-məşq toplanışı keçmişik. Çempionata tam hazırıq. Biz ən azı 5 medala ümid edirik. Lisenziyaların sayı isə daha çox olmalıdır”.

Abdullayev Bakıdakı çempionatda Ermənistan yığmasının çıxış etməsinə də münasibət bildirib: “Ermənilərlə döyüşməli olsaq, belə vəziyyətdə psixoloji hazırlıq önəmli olur. Bizim komanda da psixoloji tam hazırdır. Ermənilərlə qarşılaşsaq, hər döyüşdə qələbə qazanmalıyıq və qalib gələcəyik də”.

Qeyd edək ki, sentyabrın 26-da start götürəcək dünya çempionatı oktyabrın 9-na qədər davam edəcək.