09:30 22-09-2011
news_image
1880
DİGƏR NÖVLƏR

Daha bir idmançımız London-2012-yə vəsiqə qazandı

Azərbaycan milli komandası 2012-ci ildə keçiriləcək London Yay Olimpiya Oyunlarında daha bir yeni idman növündə təmsil olunacaq. Apasport.az saytının məlumatına görə, sentyabrın 20-də Danimarkanın paytaxtı Kopenhagendə keçirilən velosiped idman növü üzrə dünya çempionatı yığmamızın üzvü Yelena Çalıx üçün uğurla başa çatıb.

Təmsilçimiz 27.8 km məsafəni 38.08,22 dəqiqəyə qət edərək 13-cü yerə layiq görülüb. Bu nəticə isə Çalıxın XXX London Yay Olimpiya Oyunlarına lisenziya qazanmasına səbəb olub. Millimiz indiyədək bu idman növündə Olimpiadada heç vaxt təmsil olunmayıb ki, Yelena bu mənada ilkə imza atıb.

Beləliklə, Azərbaycan yığmasının London-2012-yə qazandığı lisenziyaların sayı 17-yə çatıb.

Qeyd edək ki, Çalıxdan öncə atletikanın çəkicatma növündə Dmitri Marşin, taekvondoçularımız Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçumuz Soltan Migitinov (75 kq), güllə atıcımız İradə Aşumova, kanoeçilərimiz Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr) və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti (2 nəfərlik qayıqla 1000 metr), akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov, Nataliya Mustafayeva (hər 2-si 1 nəfərlik qayıqla 2000 metr), güləşçilərimiz Rövşən Bayramov (55 kq), Saman Təhmasibi (84 kq, hər ikisi yunan – Roma güləşi), Mariya Stadnik (48 kq, qadın güləşi), Şərif Şərifov (84 kq) Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Cəmaləddin Maqomedov (120 kq, hamısı sərbəst güləş) da 2012-ci il London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.