14:15 22-09-2011
news_image
1695
DÖYÜŞ NÖVLƏRİ

“Ermənilərin dərsini Bakıda da verərik”

Azərbaycan yığmasının boksçusu, ötən il yeniyetmələr arasında Bakıda keçirilmiş dünya çempionatının qalibi, Sinqapur-2010-un gümüş mükafatçısı və bu il Türkiyədə Avropa çempionu tituluna sahib olan Salman Əlizadənin (49 kq) apasport.az saytına müsahibəsi

- Bakıda keçiriləcək Dünya çempionatına artıq günlər qalıb. Hazırlıq necə gedir?
- Plana uyğun məşqlər keçirik. İtaliya və Rusiyada gözəl hazırlıq keçmişik. İnşallah, bunun bəhrəsini dünya çempionatına görəcəyik. Yarışa cəmi 4 gün qalıb. Məqsədimiz də doğma divarlar arasında yaxşı çıxış etməkdir. Fikrimcə, dünya çempionatı bizim üçün uğurlu olacaq.

- Ankarada keçirilən Avropa çempionatında bütün rəqiblərinizdən güclü oldunuz. Bu, 18 yaşlı gənc boksçu üçün dünya çempionatında arxayınçılıq yaratmayacaq ki?
- Artıq çempionluq arxada qalib. Yəni bu, məndə heç bir arxayınçılıq yaratmayacaq. Çünki böyüklərin yarışında Avropa çempionu olduqdan sonra növbəti hədəf dünya qızılına yiyələnməkdir. Bu yarışlar arasında da həmişə ciddi fərq olub, mundial çətinliyi ilə fərqlənib. Bu səbəbdən Bakıdakı görüşlərin hər biri gərgin keçəcək.

- Həm də nəzərə almaq lazımdır ki, Türkiyədə baş tutan qitə birinciliyinə heç də bütün komandalar əsas heyətlə gəlməmişdilər. Bir çox komanda “əsas silahından” istifadə etmirdi...
- Bütün bunları analiz etmişik. Biz də bilirik ki, bəzi ölkələr liderlərini Avropa çempionatında “gizlətmişdilər”. Əsas da Rusiya yığması. Fikrimcə, bu mənim üçün heç bir problem yaratmayacaq. Çünki yarışa var qüvvəmlə hazırlaşmışam və bunu rinqdə də göstərəcəyəm.

- Bəs rəqibləri analiz etdikdən sonra hansının daha güclü olduğunu və hazırda yaxşı formada olduğunu müəyyənləşdirmisiz? Onlara qarşı əks taktika üzərində işlənilibmi?
- Bəli, artıq güclü rəqiblərimin siyahısı məlumdur. Onlar arasında Rusiya, Monqolustan və Koreya boksçularını qeyd etmək olar. Həmçinin, digər rəqiblərim də siyahıdan silmək düzgün deyil. Onların hamısını lazımınca qiymətləndirirəm. Bu yarış London Olimpiadasına lisenziya xarakterli olduğundan heç kim ilkin döyüşlərdə uduzmaq istəməyəcək.

- Bakıda döyüşmək sizin üçün düşərlidir. Ötən il paytaxtımızda keçirilən yeniyetmələrin dünya çempionatında qızıl medal qazandınız. Bunu böyüklərin də yarışında təkrarlaya biləcəksinizmi?
- Əsas məqsədim də budur. İlk növbədə lisenziya qazanmaq, ardınca dünyanın ən güclüsü olmaq istəyirəm. Həm də doğma divarların mənə əlavə güc verəcəyinə inanıram. Düzdür, yarış lisenziya xarakterli olduğundan heç də asan keçməyəcək. Amma biz elə bir hazırlıq keçmişik ki, bu çətinliyi dəf etmək gücündəyik. Bunun üçün var gücümü ortaya qoyub, dünya çempionu tituluna sahib olmaq istəyirəm. İnşallah, bütün ümidləri doğruldarıq.

- Bəs Ermənistan milli komandasının Bakıya gəlməsi sizdə və komanda yoldaşlarınızda hansısa psixoloji çətinlik yarada bilərmi?
- İnanmıram. Çünki biz həm də yarışa psixoloji cəhətdən hazırıq. Bizim üçün Boks Federasiyası bütün lazımı şərait yaradıb. Hərtərəfli hazır olduqdan sonra isə nəsə çətinlik də çəkmirsən. Amma ermənilərin Bakıya gəlməsi yaxşı haldır. Onların dərsini Bakıda da verib, gəldikləri kimi deyil, döyülmüş halda yola salarıq. Təbii ki, rinqdə.