16:04 22-09-2011
news_image
1247
DÖYÜŞ NÖVLƏRİ

“Əla formadayam və özümə inanıram” - FOTO

“Yüksək səviyyədə hazırlıq keçmişik. Əla formadayam və özümə inanıram”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının boksçusu Elvin İsayev (60 kq) deyib.

Gəncə boks məktəbinin yetirməsinin sentyabrın 26-da Bakıda start götürəcək dünya çempionatında iştirakı sual altında olsa da, o sonda millinin heyətində yer alıb. Hazırda “Rabitəçi”nin şərəfini qoruyan gənc idmançı bildirib ki, bir müddət öncə belində yararan yırtıqdan əsər-əlamət qalmayıb: “Avropa çempionatından sonra belə hal yaşadım. Düzdür, bu zədə səbəbindən mundialda iştirakım çətinləşmişdi. Lakin şükür Allaha ki, “Gömrükçü” klinikasında müalicə aldım və problem aradan qalxdı. İndi həmin yırtıqla bağlı heç bir çətinliyim yoxdur”.

Zədə problemindən yaxa qurtaran İsayev bu çətin günləri dünya çempionatındakı uğurlu çıxışı ilə unutduracağına inanır: “Artıq özümü yarışa tam hazır hesab edirəm. Son məşqlərimizdə də buna bir daha əmin oldum. Fikrimcə, çıxışım uğurlu olacaq. İlk növbədə lisenziya qazanmağa çalışacağam. Ardınca isə bu uğurun davamını – medal qazanmaq arzumu reallaşdıracağam”.

Qeyd edək ki, İsayev Türkiyədə keçirilən Avropa çempionatının 1/4 final mərhələsində hakimlərin qeyri-obyektivliyi səbəbindən yerli idmançıya uduzmuşdu.