19:03 22-09-2011
news_image
1066
DÖYÜŞ NÖVLƏRİ

“Məqsədim Olimpiadaya dünya çempionu kimi yollanmaqdır”

“Hazırlığımız çox yüksək səviyyədə keçib. Bunun üçün Azərbaycan Boks Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm. Biz də bu diqqətin qarşılığında öz borcumuzu yerinə yetirməliyik və dünya çempionatında uğurlu çıxış etməliyik”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının boksçusu Teymur Məmmədov (91 kq) deyib.

Son Avropa çempionatının qalibi bildirib ki, Bakıda keçiriləcək dünya çempionatında da yalnız qızıl medal qazanmaq arzusundadır: “Düzdür, dünya çempionatı Avropadan çətindir. Lakin mən bütün gücümü rinqdə qoyaraq, yalnız və yalnız çempion olmaq istəyirəm. Əsas medaldır. İnşallah, sentyabrın 26-dan başlayaraq, bunu reallaşdırarıq da. Belə olan halda artıq lisenziyaya da sahib olacağam. Çünki məqsədim Olimpiadaya dünya çempionu kimi yollanmaqdır”.

Qeyd edək ki, sentyabrın 26-da Bakıda start götürəcək London-2012-yə lisenziya xarakterli yarışda 91 kq çəki dərəcəsində ilk “altılıq”da qərarlaşanlar Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.