14:00 23-09-2011
news_image
7245
DÖYÜŞ NÖVLƏRİ

Ağası Məmmədov: Pul boş şeydir - MÜSAHİBƏ

Sentyabrın 26-dan oktyabrın 9-dək Bakıda boks üzrə London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı keçiriləcək. Yarışın startı ərəfəsində Azərbaycan yığmasının keçmiş kapitanı, 2 qat Avropa çempionu, Afina Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, yeganə azərbaycanlı dünya çempionu 31 yaşlı Ağası Məmmədov apasport.az saytına müsahibə verib.

- Dünya çempionatının startına az qalıb. Start ərəfəsində milli komandamızın hazırlığını necə qiymətləndirirsiniz?
- Bu heyət az öncə Türkiyədə keçirilən Avropa çempionatında normal çıxış edib. Məncə, boksçuların səhvlərini aradan qaldırmaq üçün kifayət qədər vaxtları olub. Onlar İtaliya və Rusiyada yaxşı hazırlıq keçiblər. Sözsüz ki, hazırlığın səviyyəsinə onların nəticələrindən sonra qiymət vermək olacaq.

- Lisenziya xarakterli dünya çempionatının Bakıda keçirilməsi boksçularımızın qələbə şanslarını artıran amillərdəndirmi?
- Yadıma gəlir ki, əvvəllər Bakıda belə mötəbər turnirlər keçirilmirdi. Yarışmaq üçün müxtəlif ölkələrə gedirdik. İndi azərbaycanlı boksçuların əlinə çox yaxşı imkan düşüb. Onların dünya çempionu olmaq və lisenziya qazanmaq üçün bundan yaxşı şansları ola bilməz. Federasiya artıq boksçulara öz hədiyyəsini verib. Dünya çempionatının Bakıda keçirilməsi boksçulara əvəzsiz hədiyyədir. Evinin içində döyüşəcəksən, bundan böyük şans və hədiyyə ola bilərmi?

- 9 boksçumuzdan hansının dünya çempionu olmaq şansı daha çoxdur?
- Boksçuların hamısını tanıyıram. Onlar mənin gözümdə ayrı-ayrılıqda dünya çempionudurlar. İndi onlar arasında heç bir fərq qoymaq istəmirəm. Hamı eyni hazırlığı keçib, hamı bir məqsəd üçün yarışır. Mən onların hamısından qızıl medal gözləyirəm. İdmanda mümkün olmayan heç nə yoxdur. İstək əzmkarlıq və ağılla istənilən rekordu qırmaq olar.

- Erməni idmançıların Azərbaycanda çıxışına, Ermənistan himninin Azərbaycanda səslənmə ehtimalının olmasına münasibətiniz necədir?
- Beynəlxalq yarışda istənilən ölkənin iştirak hüququ var. Bizim idmançılar da Ermənistanda qüvvələrini sınayıblar. Odur ki, onların da buraya gəlməsində bir qəbahət yoxdur. Məncə, idmanı siyasətə qarışdırmaq düzgün deyil. Biz onsuz da dövlət başçısı İlham Əliyevin qərarını gözləyirik. Nə vaxt əmr gəlsə, gedib döyüşüb torpaqlarımızı azad edəcəyik. Bunun idmana heç bir aidiyyatı yoxdur. Əksinə, biz onların təhlükəsizliyini təmin etməklə necə azad dövlət olduğumuzu göstərməliyik.

- Amma gəl razılaşaq ki, Azərbaycan-Erməni qarşılaşması olarsa, bu dava əhval-ruhiyyəsində keçəcək...
- Əlbəttə. Buna heç kimin şübhəsi yoxdur. Kaş ki, azərbaycanlı bir idmançı erməni ilə düşsün. Mən bunu həqiqətən də ürəkdən arzulayıram. İdmançımıza həm taktiki, həm də psixoloji cəhətdən kömək olacağıq, bir yumruq kimi onun ətrafında birləşəcəyik.

- Sizcə, həmin görüşdə hazırlıq yoxsa, psixoloji güc daha vacib rol oynayacaq?
- Psixi hazırlıq boksda vacib amillərdən biridir. İdmançı bu cəhətdən çox yüksək hazırlığa malik olmalıdır. Bu tip görüşlərdə beyin çox yüklənir, bəzən özünü unudursan. Götürək Rövşən Bayramovu. Erməni rəqibinə hər zaman asanlıqla qələbə qazanan idmançımız Pekində ona çox çətinliklə qalib gəldi. Sonda qaldırıb yerə çırpdı. Bizim üçün də döyüşün gedişi yox, əsas nəticə vacibdir.

- Vaxtilə şərəfini qoruduğunuz Türkiyə Azərbaycana tam heyətlə gəlib. Onların gücü nəyə çata bilər?
- Mən ordan çoxdan ayrılmışam. İndi heyətdəki boksçulara, məşqçilər korpusuna bələd deyiləm. Amma bilirəm ki, onların içindəki vətən sevgisi qalıb. Onlar döyüşə bir məqsədlə çıxırlar – bayrağı qaldırıb, himni səsləndirək. Pul boş şeydir. Əsas milləti sevindirməkdir. Arzulayıram ki, bizim indiki idmançılar da pul barədə az düşünsünlər. Azərbaycanın himnini səsləndirmək, bayrağını dalğalandırmaq şərəfi onsuz da heç bir məbləğlə ölçülmür.