11:26 24-09-2011
news_image
1098
DÖYÜŞ NÖVLƏRİ

AİBA BBC-nin ittihamlarına qarşı xüsusi təhqiqat komitəsi yaradıb

İvan Xodabəxş: “Mən adımı təmizləmək üçün ittihamların yalan olduğunu isbatlamağa hazıram”

Beynəlxalq Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu “BBC Newsnight” proqramında yayımlanan məlumatları araşdırmaq üçün xüsusi təhqiqat komitəsinin yaradıldığını bildirib. AİBA-dan apasport.az saytına verilən xəbərə görə, bu AIBA-nın korrupsiyaya qarşı barışmaz mövqe tutduğunu və boksda tam şəffaflığın tərəfdarı olduğunu sübut edir: “WSB-ın operativ əməkdaşı İvan Xodabəxşin pul müqabilində iki qızıl medal vəd etməsi barədə məlumatlarla bağlı AIBA-nın əlində dəlil yoxdur. Xodabəxş düzgün adamdır və AIBA ona etibar edir, onun işinə hörmətlə yanaşır. Xodabəxş AIBA-ya bildirib ki, xüsusi təhqiqat komitəsi ilə tam və müstəqil şəkildə əməkdaşlıq edəcək”.

Məlumatda bildirilir ki, 2010-cu ildə İsveçrənin qeydiyyatdan keçmiş WSB SA şirkəti ilə saziş imzalanıb və bu şirkət AİBA-nın dəstəyi ilə dünya boks yarışmaları silsiləsini təşkil edir: “İsveçrə şirkəti WSB Amerika franşiz əməliyyatları ilə bağlı vəsaitin alınmasını təşkil edib. Vəsait Azərbaycanın bir özəl investoru tərəfindən verilib. Vəsaitin borc alınması məxfi iş deyil və burada hansısa gizli bir əməliyyat ola bilməz. Bu iki qurum arasında bağlanan kommersiya sazişidir və kommersiya əsasları ilə əvəzi investora qaytarılacaq.

İnvestor adının çəkilməsini istəməyib, sazişə görə onun buna haqqı var. AIBA /WSB təsdiq edir ki, bu, özəl investordur, Azərbaycan hökuməti (hansısa nazir və ya hökumət üzvü) və ya Azərbaycan Boks Federasiyası ilə əlaqəsi yoxdur və bu vəsait Azərbaycan hökumətindən qaynaqlanmır.

Kreditin 2012-ci ildə qızıl medallar vədi əvəzində verilməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil və tamamilə absurd bir fikirdir. AIBA /WSB əmindir ki, bu cür iddialar qərəzli məqsədləri olan və etibarını itirmiş ayrı-ayrı şəxslər tərəfindən uydurulur. Əsassız iddialarla AIBA /WSB-ı korrupsiyada ittiham etməklə onlar Olimpiya mükafat sistemindəki proseduraları qətiyyən anlamadıqlarını göstərirlər. Onlar bilmirlər ki, bu prosesə təsir etmək mümkün deyil”.

Qeyd edək ki, baş verən hadisələrdə adı hallanan WSB-ın operativ əməkdaşı İvan Xodabəxş də bəyanatla çıxış edib. O, özünə və WSB-a qarşı irəli sürülən ittihamların tamamilə əsassız və yalan olduğunu deyib: “WSB-da işlədiyim müddətdə mən heç vaxt bu cür qanunsuz və qeyri-etik təkliflər almamışam. Mən bu təşkilatdakı işimdən qürur duyuram. Burada yüksək səviyyəli şəffaflıq və vicdanlı iş təmin olunur və korrupsiyaya qarşı qətiyyətli mövqe göstərilir. Mən bu dəyərlərə sadiqəm.

Mən adımı təmizləmək üçün şəxsən mümkün tədbirləri görməyə və ittihamların yalan olduğunu isbatlamağa hazıram. WSB-ın əməkdaşı kimi mənim AIBA-da vəzifəm yoxdur və Olimpiya Oyunlarına da aidiyyatım yoxdur. Mənim Olimpiya medallarının verilməsinə hər hansı yolla təsirim barədə iddialar sadəcə gülüncdür”.

AİBA-nın məlumatında qeyd olunur ki, BBC telekanalında nümayiş olunan proqramda bəzi şəxslərlə müsahibələr gedib: “Müsahiblərdən biri WSB Franchise-in ABŞ-dakı keçmiş meneceri Cefri Bentsin WSB ilə müqaviləsi üç ay keçməmiş bitib. Rudel Obreja ilə də müsahibə olub. AIBA-nın İntizam Kodeksini pozduğu üçün Obreja beş il müddətinə təşkilatdan kənarlaşdırılıb. Proqramda ciddi iddialarla çıxış edən daha iki nəfər isə kamera qarşısında şəxsiyyətlərinin açıqlamayıblar, bu da onlara inanmamağa əsas verir. Əgər onlar adlarını açıqlamağa hazır deyillərsə, onların irəli sürdüyü iddialara da inanmaq olmaz. AIBA-nın təhqiqat komitəsi BBC-dən materialları ona göndərməyi tələb edəcək. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq da buna çağırıb.

Onlar 1998-ci ildə Cənubi Koreyalı boksçunun qızıl medalı il bağlı bəzi şübhəli məqamlara istinad edərək belə bir iddia irəli sürüblər, amma bilmirlər ki, yeni və tamamilə fərqli bal sistemi təqdim olunub və bu sistem dünya boks çempionatında və 2012-ci il Olimpiadasında istifadə olunacaq. Bu sistemə əsasən hər raunddan sonra hər bir hakimin verdiyi bal açıqlanacaq. Əgər 1998-ci ildə Seulda da belə olsa idi, hansısa hakimin və ya hakimlərin manipulyasiyası dərhal üzə çıxardı”.

AIBA İcraçı Komitəsi xüsusi təhqiqat komitəsinin tərkibin də açıqlayıb. Komitəyə aşağıdakı şəxslər daxildir:

Tom Virgets – AIBA İntizam komitəsinin sədri
Humbert Furgoni - AIBA Etika Komitəsinin üzvü və WSB Komissiyasının sədri
Dennis O’Konelli - AIBA İntizam komitəsinin üzvü
Antonio de Guzman - AIBA İntizam komitəsinin üzvü
Rikardo Kontreras – AIBA-nın hüquq müşaviri

Komitənin sədri Tom Virgets hazırda Bakıda keçirilən AIBA Dünya Boks çempionatında təcili olaraq ilk təhqiqat iclasını keçirəcək.