12:35 24-09-2011
news_image

“Hakimlər vasitəsilə nəticələrə müdaxilə etmək mümkün deyil”

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu bu gün Bakıda mətbuat konfransı keçirib. Apasport.az saytının xəbərinə görə, “Kempinski Hotel”də təşkil olunan tədbirdə AİBA rəhbəri paytaxtımızda keçiriləcək boks üzrə dünya çempionatına hazırlıqla bağlı fikirlərini bildirib.

Vu 2 həftə davam edəcək dünya çempionatından sonra yenidən mətbuat konfransı keçirəcəyini söyləyib: “AİBA-nın dünən başlayan növbədənkənar konqresi bu gün başa çatdı. Məqsəd yeni AİBA-nın inkişaf proqramını təqdim etməkdən ibarət olub. Proqramın təsdiqindən sonra nizamnaməyə düzəlişlər edilib. “Peşəkar Boks və Boxing 16” proqramına dəstək verilib. Sabah dünya çempionatının açılış mərasimi keçiriləcək. Bu, olimpiya təsnifat xarakterli yarış olduğu üçün xüsusi əhəmiyyət kəsb edir. Burada 92 lisenziya veriləcək. Qalan lisenziyalar isə qitə təsnifat turnirlərində veriləcək. Bu gün 124 ölkədən 700-dən çox idmançı iştirak edir ki, bu da AİBA tarixindən ən yüksək göstəricidir. Oktyabrın 8-də yenidən sizinlə görüşmək imkanım olacaq”.

AİBA başçısı rəhbərlik etdiyi qurumun təmiz və vicdanlı təşkilat kimi qaldığını söyləyib: “Boksçular dünya çempionatında ədalətli şəraitdə mübarizə aparacaqlar. İndiyədək heç bir şikayət olmayıb. İş ondadır ki, artıq hakimlər vasitəsilə nəticələrə müdaxilə etmək mümkün deyil. Ən güclü hakimləri dəvət etmişik. Onları ölkələr gətirməyib, AİBA dəvət edib. Yalnız öz işləri ilə bu dəvətə layiq görülüblər. Onlardan ən yüksək nəticələr gözləyirik”.