12:40 24-09-2011
news_image
1438
DÖYÜŞ NÖVLƏRİ

AİBA prezidenti: BBC-nin ittihamları gülməlidir - VİDEO

“Biz BBC-in ittihamları ilə bağlı bəyanat yaymışıq. Araşdırma üçün komissiya yaradılıb. BBC-yə müraciət olunub ki, faktlar təqdim etsinlər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, “BBC Newsnight” proqramında yayımlanan məlumatları araşdırmaq üçün xüsusi təhqiqat komitəsi yaradılıb: “Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe də onlara müraciət edib. İstənilən ölkədə ittiham ciddi hüquqi faktlara söykənməlidir. Biz mətbu orqanın fikirlərinə hörmətlə yanaşaraq, araşdırmanın yekununu gözləyəcəyik”.

AİBA prezidenti deyib ki, bütün ittihamlar korrupsiya xarakterlidir: “Amma proqramda deyilənlər əsaslandırılmayıb, hətta gülməlidir. Hamısı bilir ki, dözümüm demək olar sıfır səviyyəsində olan şəxsəm. Mən təşkilatımızda korrupsiyaya qarşı ciddi mübarizə aparıram. 4 il ərzində 4 vitse-prezident, baş katib və İcraiyyə Komitəsinin 6 üzvünü və 2 komissiya üzvünü kənarlaşdırmışam”.

Vunun fikrincə, BBC-nin bu proqramı məhz indi hazırlaması da təsadüfi deyil: “Bu, bizdə müəyyən şübhələr yaradır. İttihamlar çıxan kimi AİBA komissiya yaradıb. Biz araşdırma aparacağıq. Komitənin bütün üzvləri obyektiv araşdırma üçün hər şey edəcəklər. Bu, təkcə AİBA üçün yox, hamımız üçün maraqlıdır”.