15:04 25-09-2011
news_image
1684
DÖYÜŞ NÖVLƏRİ

Kəmaləddin Heydərov: BBC-nin yaydığı xəbər böhtandır!

“Kimlərinsə yalan sözünə əsasən, qeyri-ciddi informasiyanı dünya ictimaiyyətinə ötürmək yaxşı hal deyil. Ona görə də bu işi təşkil edənlər buna cavab verməlidirlər”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov deyib.

ABF rəhbəri BBC kanalında AİBA və Azərbaycan əleyhinə böhtan xarakterli yayılan xəbərlərlə bağlı fikirlərini açıqlayıb. O, yayılan xəbərləri böhtan adlandırıb: “AİBA-nın və ABF-nin əlində hər bir fakt var ki, bunların söylədikləri böhtandan başqa bir şey deyil. Buna görə də boksçularımız dünya çempionatında daha yaxşı çalışıb sübut etməlidirlər ki, onların söylədiklərinin hamısı cəfəngiyatdır.

AİBA son illər ərzində korrupsiyaya qarşı ciddi tədbirlər görüb, şəffaflığın təmin olunması üçün böyük islahatlar aparılıb. Kiminsə kənardan onun imicinə ləkə yaxmağa gücü çatmaz. Onlar buna nə qədər çalışsalar da gücləri çatmaz”.

K.Heydərov, həmçinin AİBA haqda da xoş sözlər deyib: “Mən AİBA və bu təşkilatın prezidenti haqqında yalnız xoş sözlər deyə bilərəm. AİBA-nın Bakıda keçirilən son Konqresində bütün ölkələrin nümayəndələri, o cümlədən İngiltərə Boks Federasiyasının təmsilçisi Beynəlxalq Boks Federasiyası haqqında müsbət fikirlər söylədi. Təəssüf ki, yerli müxalifət mətbuatı da hər dəfə xaricdən gələn böhtan xarakterli kampaniyaya qoşulur. Onlar Azərbaycanın heç bir uğuruna sevinmirlər. Nə vaxt xarici mətbuatda neqativ material oldu onlar da həmin yalanlara qoşulurlar.

Bir neçə gün qəzet səhifələrini doldurmaq üçün bundan istifadə edirlər. Yalanları üzə çıxanda isə məsuliyyətsizcəsinə susurlar. Amma bu həmişə belə davam etməyəcək. Onlar bu haqda ciddi düşünməlidirlər. Məsələ Azərbaycanın imicindən gedirsə, iqtidar-müxalifət söhbəti olmamalıdır”.