22:03 25-09-2011
news_image

Azərbaycan prezidenti AİBA-nın prezidenti və BOK-un üzvlərini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 25-də Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vunu və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvlərini qəbul edib. APA-nın məlumatına görə, Boks üzrə Dünya çempionatının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirən dövlət başçısı çempionatın uğurlu olacağına əminliyini ifadə edib.

Çempionata hazırlıqla bağlı çox böyük işlərin görüldüyünü deyən prezident İ. Əliyev Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə təcrübəsi olduğunu vurğulayıb. Bu cür mötəbər yarışların Azərbaycanda keçirilməsinin önəmini qeyd edən prezident tədbiri ölkəmizlə BOK arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Bundan əvvəl yeniyetmə və gənclər arasında dünya çempionatlarının Bakıda təşkil olunduğunun əhəmiyyətini vurğulayan AİBA prezidenti Çinq-Kuo Vu Olimpiya oyunlarına lisenziya verən boks üzrə dünya çempionatının Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edib və bu münasibətlə İ. Əliyevə təbriklərini çatdırıb. O, Azərbaycan Olimpiya Komitəsinin prezidenti kimi ölkədə idmana, o cümlədən idmanın boks növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İ Əliyevə minnətdarlıq edib.

Dövlət başçısı Azərbaycan boksçularına göstərilən dəstəyə görə Beynəlxalq Həvəskar Boks Assosiasiyasına təşəkkürünü bildirib. Prezident ölkədə idmanın inkişafına hər cür şəraitin yaradıldığını vurğulayıb. Gənclər arasında keçirilən Olimpiya oyunlarında Azərbaycan boksçularının uğurlu çıxış etdiklərini xatırladan dövlət başçısı boks üzrə dünya çempionatının ölkəmizdə keçirilməsinin idmanın bu növünə olan marağın daha da artacağına əminliyini bildirib.