16:11 27-09-2011
news_image
4148
DÖYÜŞ NÖVLƏRİ

Elvin qələbə qazandı, Rəhim mübarizəni dayandırdı

Bakıda keçirilən boks üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan milli komandasının 2 boksçusu rinqə çıxıb.


52 kq
Bu çəkidə ölkəmizi təmsil edən Elvin Məmişzadə ilk döyüşündə indoneziyalı Julio Bria ilə qarşılaşıb. Boksçumuz keçirdiyi hər 3 raundda rəqibindən güclü olub.

İlk hissəni 4 xal irəlidə (6:2) bitirən Avropa çempionatının gümüş mükafatçısı növbəti raundda fərqi 5-ə çatdırıb – 11:6. Yekunda isə təmsilçimiz 19:8 hesabı ilə qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib.

Məmişzadə ikinci döyüşünü oktyabrın 2-də keçirəcək. O, Fransisko Torijosla (İspaniya) qarşılşacaq.

56 kq
Milli komandamızın kapitanı Rəhim Nəcəfov Avropa çempionatındakı uğursuz çıxışını mundialda unutdurmaq arzusunda olsa da, bunu reallaşdıra bilməyib. O, ingiltərəli Luke Kempbellə görüşdə zəif təsir bağışlayıb.

İlk raundda 3:6 hesabı ilə uduzan təmsilçimiz ikinci fasiləyə 6 xal geridə yollanıb (4:10). Təəssüf ki, Rəhim üçüncü hissədə xal fərqini aradan qaldırmağa çalışsa da, onun hündürboy və kifayət qədər fiziki cəhətdən üstün olan rəqibi buna imkan verməyib. Bu azmış kimi, Kempbell yekunda 10 xal üstün olub – 17:7.

Qeyd edək ki, dünya çempionatı həm də 2012-ci il London Olimpiadasına lisenziya xarakteri daşıyır. Bu yarışda 92 idmançı olimpiya vəsiqəsinə sahib olacaq. İlk 8 çəkinin hərəsində 10, 91 kq-dək və 91 kq-dan ağır çəki dərəcələrinin hərəsində isə 6 nəfər Londonda çıxış imkanı qazanacaq.