17:46 28-09-2011
news_image
1453
DÖYÜŞ NÖVLƏRİ

AİBA Azərbaycan boksçularına üstünlük verməsinin səbəbini açıqladı

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) açıqlama yayıb. Apasport.az-ın xəbərinə görə, AİBA-nın rəsmi saytında yerləşdirilən açıqlamada Bakıda start götürmüş dünya çempionatının püşkatması barədə yayılan məlumatlara münasibət bildirilib.

Belə ki, AİBA dünya çempionatlarının püşkatması ilə əlaqədar Texniki və Yarış Qaydalarına dəyişikliklərin çirkin məqsədlər üçün edilməsi ilə bağlı mətbuatda yayılan fikirlərə etiraz edib.

“Bu xəbərlər kobudluqdan başqa bir şey deyil və AİBA-nın qaydaları, strukturu və ənənələri ilə tanış olmamaqdan irəli gəlir. AİBA bütün yarışlarında ədalətli oyunları və şəffaflığı təbliğ edir və fürsətdən yararlanıb hazırkı seçmə sistemin məğzinə aydınlıq gətirmək istəyir. Qaydanın dəyişməsi Olimpiya Oyunlarının boks turnirində və bir neçə digər olimpiya idman növlərində artıq mövcud olan seçmə təcrübəsini genişləndirir. Olimpiya Oyunlarına ev sahibliyi edən ölkənin 6 boksçusu birbaşa Olimpiya Oyunlarının boks yarışında iştirak etmək hüququ qazanır. Pekində 6 çinli boksçu seçildiyi kimi, 6 ingilis boksçu avtomatik 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunları üçün seçiləcək. AİBA Texniki və Qaydalar Komitəsinin göstərişinə əsasən, İcra Komitəsinin 2011-ci il avqustun 1-də Astanada keçirilən iclasında, AİBA İcraiyyə Komitəsi seçmə sisteminə dəyişikliyi təsdiqlədi” – deyə, açıqlama bildirilir.

Daha sonra qeyd olunur ki, AİBA Texniki və Yarışma Qaydalarının E əlavəsinə 1.1.3 saylı qayda daxil edilib: “Əgər ev sahibliyi edən ölkənin boksçusu AİBA və ya WSB tərəfindən ayrılmış 8 yerin heç birini tutmasa, ev sahibi olan ölkəyə hər çəki kateqoriyasında 8-ci yer veriləcək. Qayda dəyişikliyi AİBA dünya çempionatlarına ev sahibliyi etmək barədə düşünməyən ölkələri bu mötəbər tədbirə həvəsləndirmək məqsədi daşıyır. Yenilənmiş qaydalar AİBA-nın rəsmi saytında yerləşdirilib. Milli federasiyalar qayda dəyişikliyi barədə avqustun 19-da AİBA-nın baş ofisi tərəfindən rəsmi şəkildə məlumatlandırılıb. Sentyabrın 24-də AİBA dünya çempionatı və rəsmi püşkatmadan əvvəl keçirilmiş hakimlər üçün Dünya Konqresində qayda dəyişikliyinin təfərrüatları barədə məlumat verib”.

AİBA bildirir ki, ev sahibi olan ölkələr üçün birbaşa seçilmə praktikası beynəlxalq idmanda geniş yayılıb: “Taekvondoda da AİBA ilə eyni sistem tətbiq olunur. Belə ki, ev sahibi olan ölkələrin 8 idmançısı Ümumdünya Taekvondo Federasiyası (WTF) bu növ üzrə dünya çempionatına avtomatik vəsiqə qazanıb. Ev sahibinin birbaşa seçilməsi FİFA dünya çempionatında və İRB reqbi çempionatında da tətbiq olunur. Tennis üzrə “Uimbldon” turniri isə “wild card” sistemi ilə keçirilir. Bu sistem seçilməyən britaniyalı tennisçilərə yarışda iştirak etmək imkanı yaradır. Koreyada keçirilən atletika üzrə dünya çempionatında iştirak standartlarından kənar olaraq, hər turnirə bir atlet daxil etmək hüququ var. Avro-2012-də də ev sahibləri Polşa və Ukrayna birbaşa seçilməyib, həm də Avropa reytinq cədvəlində 34 və 32-ci olmalarına baxmayaraq, 1 və 2-ci kimi fərqləniblər”.

İndiki və gələcək dünya çempionatlarında yüksək reytinqli boksçulara əlavə seçmə imkanları verilir. WSB boksçuları ildə bir dəfə AİBA turnirində iştirak etmək hüququna malikdirlər, buna görə də tez-tez AİBA dünya reytinq xallarını qazanmaq imkanını qaçırılar. Əgər WSB-dəki uğurları dünya çempionatına və olimpiya oyunlarına seçim sistemində əks olunmayıbsa, bu boksçular həmin turnirlərdə xoşagəlməz vəziyyətdə qalırlar: “Adı mediada hallanan Azərbaycan milli komandasının boksçusu Məcidovun məsələsinə gəldikdə, bunun sadə izahı var. Məcidov 2010/2011 WSB yarışmasının fərdi finalında super-ağır çəkililər arasında ikinci olub və özünün WSB çəki dərəcəsində ikinci pillədə yer alıb. Məcidovla eyni yarışının qalibi Klemente Russo isə artıq Olimpiadaya vəsiqə qazanıb və AİBA dünya çempionatında iştirak etmir. Buna görə də Məcidovun, ikinci yerin sahibi kimi, avtomatik seçilmə hüququ var. Məcidovun WSB reytinqindəki ikinci yeri AİBA dünya çempionatında ikinci seçimə çevrilir”.