15:32 29-09-2011
news_image
2670
DÖYÜŞ NÖVLƏRİ

Daha bir boksçumuzdan erkən vida - YENİLƏNİB

Bakıda keçirilən boks üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, mundialın 4-cü günündə Azərbaycan milli komandasının daha 1 boksçusu mübarizəyə qoşulub.

69 kq
Bu çəkidə ölkəmizi təmsil edən Emil Əhmədov mübarizəyə 1/32 final mərhələsindən başlayıb. O, ilk döyüşündə italiyalı Danilo Kreati ilə münasibətlərinə aydınlıq gətirib. Təəssüf ki, bu, Əhmədov üçün həm ilk, həm də son döyüş olub.

İlk raundda rəqibindən 1 xal geri qalan Emil növbəti hissədə daha çox zərbə buraxıb və rəqib 13:9 hesabı qalib gəlib. Boksçumuz son raundda çıxışında dönüş yaratmaq istəsə də, Kreati buna imkan verməyib və fərqi daha da artırıb – 19:13. Nəticədə Əhmədov yarışı vaxtından əvvəl başa vurub.

Qeyd edək ki, oktyabrın 8-də başa çatacaq dünya çempionatına 9 boksçu ilə qatılan Azərbaycan yığmasından daha öncə Rəhim Nəcəfov (56 kq) mübarizəni dayandırmışdı. Komanda yoldaşlarından fərqli, Elvin Məmişzadə (52 kq) 1/16 finala yüksəlib.

Mundial isə həm də 2012-ci il London Olimpiadasına lisenziya xarakteri daşıyır. Bu çempionatda 92 idmançı olimpiya vəsiqəsinə sahib olacaq. İlk 8 çəkinin hərəsində 10, 91 kq-dək və 91 kq-dan ağır çəki dərəcələrinin hərəsində isə 6 nəfər Londonda iştirak hüququ qazanacaq.