13:50 29-09-2011
news_image

“İnanıram ki, Bakıda azarkeşlər bizi Türkiyədəki kimi dəstəkləyəcəklər”

“Azərbaycanda heç bir çətinliyimiz yoxdur. Çünki özümüzü evimizdəki kimi hiss edirik”. Apasport.az saytının məlumatına görə, bunu boks üzrə Türkiyə milli komandasının boksçusu Caner Sayak (81 kq) deyib.

Komandasının kapitanı olan idmançı Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb. O, gərgin mübarizədə Tailand boksçusu Krinqkai Sukkhumu 19:10 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.

Sayak Bakının onun üçün doğma şəhər olduğunu bildirib: “Biz bir millət iki dövlətik. İnanıram ki, burada da azarkeşlər bizi Türkiyədəki kimi dəstəkləyəcəklər”.

Kapitan ilk növbədə Olimpiadaya lisenziya haqda düşündüyünü deyib: “İlk hədəfim Bakıdaca London Olimpiadasına vəsiqə qazanmaqdır. Bundan sonra isə artıq medal haqda da düşünmək olar”.