16:04 30-09-2011
news_image
2520
DÖYÜŞ NÖVLƏRİ

Boksçumuz 1/16 finala çıxdı - YENİLƏNİB

Bakıda boks üzrə dünya çempionatda növbəti döyüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın 5-ci günü Azərbaycan milli komandasının 1 üzvü qüvvəsini sınayıb.

64 kq
Bu çəkidə rinqə çıxan Heybətulla Hacəliyev Əli İslamla (Misir) döyüşüb. Son Avropa çempionatının bürünc mükafatçısı rəqibinə heç bir şans verməyib.

Birinci raundun fasiləsinə 4:1 hesablı üstünlüklə yollanan təmsilçimiz növbəti hissədə fərqi 5 xala çatdırıb – 10:5. Üçüncü raundda da misirli boksçuya çətin anlar yaşadan Hacəliyev 15:7 hesabı ilə qələbə qazanıb və mərhələ adlayıb.

O, 1/16 finalda Koba Pxakadze (Gürcüstan) ilə qarşılaşacaq. Bu görüş oktyabrın 2-də olacaq.

Qeyd edək ki, oktyabrın 8-də başa çatacaq London Olimpiadasına lisenziya xarakterli dünya çempionatına 9 boksçu ilə qatılan Azərbaycan yığmasının heyətində Heybətulladan öncə rinqə çıxan 3 idmançıdan yalnız Elvin Məmişzadə (52 kq) 1/16 finala yüksəlib. Yevgeni Kotovun yetirmələrindən Rəhim Nəcəfov (56 kq) və Emil Əhmədov (69 kq) isə uduzaraq, mübarizəni dayandırıb.

Digər boksçumuz Elvin İsayev (60 kq) rinqə sabah çıxacaq. Yarışa ikinci mərhələdən qoşulacaq Ramil Əliyev (81 kq), Məhəmmədrəsul Məcidov (+91) oktyabrın 2-də, Salman Əlizadə (49 kq) və Teymur Məmmədov (91 kq) bir gün sonra nəyə qadir olduğunu göstərəcək.

İlk döyüşünü qələbə ilə bitirən Elvin Məmişzadə (52 kq) də oktyabrın 2-də növbəti görüşünə çıxacaq.