12:03 01-10-2011
news_image
2565
DÖYÜŞ NÖVLƏRİ

Daha bir boksçumuz 1/16 finalda - YENİLƏNİB

Bakıda keçirilən boks üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakterli yarışda bu gün daha bir boksçumuz mübarizəyə qoşulub.

60 kq

Yığmamızın perspektivli boksçusu Elvin İsayev ilk döyüşündə Reduan Kaya (İsveç) ilə üz-üzə gəlib. Avropa çempionatının 1/4 finalında hakim səhvi səbəbindən uduzan həmyerlimiz bu dəfə layiqli qələbə qazanıb.

Belə ki, ilk raundda 4:3 hesabı ilə isveçli rəqibinə qalib gələn Elvin ikinci hissədə də üstünlüyü əldən verməyib – 8:5. Son raundda isə Kayanı 7:3 hesabı ilə məğlub edən boksçumuz yekunda 7 xal fərqi ilə qələbə qazanıb və növbəti mərhələyə yüksəlib.

O 1/16 finalda Madadi Nağzimbekov (Tacikistan) ilə qarşılaşacaq. Bu görüş oktyabrın 3-də olacaq.

Qeyd edək ki, mundiala Azərbaycan milli komandası 9 boksçu ilə qatılsa da, İsayevdən öncə Elvin Məmişzadə (52 kq) və Heybətulla Hacəliyev (64 kq) mərhələ adlayıb. Təmsilçilərimizdən Rəhim Nəcəfov (56 kq) və Emil Əhmədovun (69 kq) debütü uğursuz alındığından, onlar çempionatı tərk ediblər. Digər idmançılarımız isə ikinci mərhələdən döyüşə başlayacaqlar.

Yarışın qalibləri oktyabrın 8-də müəyyənləşəcək.