23:16 01-10-2011
news_image
1110
DÖYÜŞ NÖVLƏRİ

Rusiya boksçusu dünya çempionatından xaric olundu

Rusiya milli komandası Bakıda keçirilən boks üzrə dünya çempionatında gözlənilməz itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu Albert Səlimov diskvalifikasiya olunub.

Venesuelalı Ektor Manzanilla ilə döyüşdə 4:2 hesabı ilə öndə olan rusiyalı boksçu rəqibinə qurşaqdan aşağı zərbə endirdiyi üçün hakim döyüşü saxlayıb və Səlimova məğlubiyyət verilib. Rusiya komandası bununla bağlı, AİBA-ya protest versə də, etiraz qəbul olunmayıb.

Rusiya Boks Federasiyasının direktoru Yevgeni Sudakov Səlimovun qaydaları pozduğunu etiraf edib: “Epizodun təkrarına baxılanda məlum oldu ki, boksçumuz rəqibinə qurşaqdan aşağı zərbə endirib. Bu artıq qayda pozuntusudur. Rəqibin simulyasiyaya əl atması ikinci məsələdir. Çox təəssüf ki, belə oldu. Amma qaydalar hamı üçün eynidir”.