22:17 02-10-2011
news_image
3719
DÖYÜŞ NÖVLƏRİ

Dörddə dörd! - YENİLƏNİB

Bu gün Bakıda boks üzrə dünya çempionatında 1/16 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, bu mərhələdə Azərbaycan milli komandasının 4 boksçusu gücünü göstərib.


52 kq
İlk döyüşündə indoneziyalı Julio Briaya 11 xal (19:8) fərqi ilə qalib gələn Elvin Məmişzadə 1/16 finalda Fransisko Torijosla (İspaniya) qarşılaşıb. Avropa çempionatının gümüş mükafatçısı bu döyüşdə də asan qələbə qazanıb.

Düzdür, ilk raundda Torijos həmyerlimizə ciddi müqavimət göstərib. Lakin birinci hissənin fasiləsinə 5:4 hesabı ilə öndə yollanan Məmişzadə ikinci raundda xal fərqini daha da artırıb – 11:8. Son hissə də boksçumuzun üstünlüyü şəraitində keçib və Elvin 21:15 hesabı ilə qələbə qazanaraq, mərhələ adlyayıb.

Onun 1/8 finalda rəqibi monqolustanlı Tuqstsoqt Nyambayar olacaq. Bu döyüş oktyabrın 4-də keçiriləcək.

64 kq
Bu çəkidə rinqə çıxan Heybətulla Hacəliyev Koba Pxakadze (Gürcüstan) ilə qüvvəsini sınayıb. 1/32 finalda misirli Əli İslamı asanlıqla məğlub edən Avropa çempionatının bürünc mükafatçısı ikinci qarşılaşmada bir qədər çətinliklə üzləşib.

Həmyerlimiz ilk raundda 6:3 hesabı ilə qalib gəlsə də, ikinci hissədə məğlub olub və rəqib fərqi azaldıb – 9:7.

Son raund isə daha gərgin keçib. Amma Hacəliyevin dəqiq zərbələri Pxakadze üçün qarşısı alınmaz olub və yekunda 18:15 hesablı qələbə Heybətullaya 1/8 finalda iştirak hüququ qazandırıb.

Boksçumuz növbəti görüşünü oktyabrın 4-də özbəkistanlı Sanjorbek Rəhmonova qarşı keçirəcək.

81 kq
Məmişzadə və Hacəliyevdən fərqli, Ramil Əliyev ilk görüşünə çıxıb. O mundiala Rasul Yuldaşevlə (Türkmənistan) qarşılaşma ilə start verib.

Boksçumuz görüşə fəal başlayıb. İlk raundda 7:2 hesabı ilə irəli keçən təmsilçimiz növbəti hissədə də rəqibə çətin anlar yaşadıb. Əliyev bu dəfə 9 dəqiq zərbə ilə xal fərqini 11-ə çatdırıb – 16:5.

Son raundda isə Yuldaşev Bakıya gəlməyin peşmançılığını yaşayıb. Belə ki, rəqibinə yekunda 23:6 hesabı ilə qalib gələn Ramil 1/8 finala vəsiqə qazanıb.

Əliyev bu mərhələdə ukraynalı Aleksandr Qvozdiklə (4 oktyabr) qarşılaşacaq.

+ 91 kq
WSB liqasında uğurlu çıxış sayəsində finala kimi irəliləyən Məhəmmədrəsul Məcidov da dünya çempionatında 1/16 final mərhələsindən başlayıb. Təmsilçimiz mərhələ adlamaq üçün Sərdor Abdullayevlə (Özbəkistan) münasibətlərinə aydınlıq gətirib.

Gərgin keçən döyüşün birinci raundunda 8:7 hesabı ilə qalib gələn Məcidov ikinci hissədə rəqibini 3-cü dəfə nokdauna salıb və texniki qələbə qazanıb.

O 1/8 finalda kolumbiyalı İsaia Mena Parra ilə döyüşəcək. Bu qarşılaşma oktyabrın 4-də olacaq.

Qeyd edək ki, mundiala 9 boksçu ilə qatılan Azərbaycan milli komandasının daha 3 üzvü – Salman Əlizadə (49 kq), Elvin İsayev (60 kq) və Teymur Məmmədov ikinci mərhələdəki görüşlərə sabah çıxacaqlar.

Həmyerlilərimizdən Rəhim Nəcəfov (56 kq) və Emil Əhmədovun (69 kq) isə debütləri uğursuz alındığından, onlar çempionatı tərk ediblər. Çempionata oktyabrın 8-də yekun vurulacaq.