23:05 02-10-2011
news_image
1821
DÖYÜŞ NÖVLƏRİ

Elvin Məmişzadə: Qələbə sevincim cəmi 1 dəqiqə çəkdi – MÜSAHİBƏ

Bakıda boksçular arasında dünya çempionatı davam edir. Yarışın ilk günlərində azarkeşlərdə müəyyən həyəcan olsa da, indi hər şey qaydası üzrə gedir. Planetin ən güclülərinin sınağında medala ümid edənlərdən biri də Elvin Məmişzadədir. 1/16 finalda ispaniyalı Fransisko Torijosu məğlub edən idmançımız qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Dünya çempionatında ikinci qələbə qazandığım üçün çox sevinirəm. Amma qələbə sevincim cəmi bir dəqiqə çəkdi. Çünki artıq növbəti döyüş barədə fikirləşirəm. Konkret görüşə gəlincə, mübarizə normal keçdi. Rəqib elə də münasib deyildi.

- Bununla nə demək istəyirsiniz?
- Rəqib məni psixoloji cəhətdən yordu. Şükürlər olsun ki, həlledici anlarda toparlanmağı bacardım və sonda qalib gəldim.

- Çətin məqamlarda vəziyyəti öz xeyrinə dəyişməkdə hansı amil sizə kömək oldu?
- Raundlararası fasilələrdə məşqçilər müəyyən tapşırıqlar verdi. Mən də, öz növbəmdə, onları düzgün yerinə yetirdim. Gördüyünüz kimi, yekunda qələbə qazandım.

- 1/8 finalda monqolustanlı boksçu ilə döyüşəcəksiniz. Rəqib barədə bilginiz varmı?
- Onunla heç bir yarışda qarşılaşmamışam. Düzü, 52 kq çəkidə bu mənim ikinci yarışımdır. Tuqstsoqt Nyanbayar AİBA-nın peşəkar liqasında mübarizə aparıb. Onun təlim-məşqlərdə sparrinq rəqib olmuşam.

- Demək, az da olsa, tanıyırsınız?
- Bəli. Bu döyüş həlledicidir. Çünki qalib gələn idmançı London olimpiadasına lisenziya qazanacaq. Mənim başlıca məqsədim oraya düşməkdir. Buna görə də, Nyanbayarla döyüşdə bütün gücümü ortaya qoyacam. Qələbəni çox istəyirəm. Olimpiadaya vəsiqə aldıqdan sonra, artıq medal qazanmaq barədə düşünmək olar.

Kamran HACI