23:10 02-10-2011
news_image
1340
DÖYÜŞ NÖVLƏRİ

Ağacan Abiyev: Onun yeri görünür

Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev dünya çempionatında mübarizə aparan idmançılarımızın çıxışını dəyərləndirib. O, apasport.az saytına açıqlamasında bildirib ki, ilk günlərdə 2 təmsilçimizin məğlubiyyəti komandada həyəcan yaradıb.

Amma Abıyev boksçularımıza ürək-dirək verib və deyib ki, qətiyyən həyəcanlanmaq olmaz: “İdmançılarla söhbətdə onların özlərini ələ almalarını və hər şeyin yaxşı bitəcəyini söylədim. Belə məqamlarda psixoloji cəhətdən nizamlanma çox vacibdir. Ramilə afərin, yaxşı döyüşdü. Bu gün (dünən) Heybətulladan narazı qaldım. Onun yersiz əsəbləşməsi, xalda üslün olduğu döyüşü sonda uduzması ilə nəticələnəcəkdi. 3-cü raundda Hacıəliyevə cərimə xalı verildi. Əslində, orada heç nə yox idi. Sadəcə, rəqib simulasiya etdi. Yaxşı ki, vacib anda toparlana bildi”.

Vitse-prezident boksçularımızın qətiyyən arxayınçılığa yol verməməsini də qeyd edib. Onun fikrincə, yalnız lazımi lisenziyaları qazandıqdan sonra rahatlaşmaq olar: “Biz dünya çempionatına tam qüvvə ilə çıxa bilməmişik. İsmət Eynullayevin yarışqabağı zədələnməsi böyük itki oldu. Bura əsl onun yeri idi. Nadir boksçularımızdandır ki, həmişə qələbə istəyi ilə alışıb yanır: rinqə rəqibini ancaq döymək üçün çıxır. Dünya çempionatının bitməsinə 6 gün qalıb. İdmançılarımız London olimpiadasına lisenziya almaları ilə yanışı, medal da qazanmalıdırlar”.

KAMRAN