22:05 04-10-2011
news_image
7806
DÖYÜŞ NÖVLƏRİ

4 boksçumuz 1/4 finalda - YENİLƏNİB

Bu gün Bakıda keçirilən boks üzrə dünya çempionatında 1/8 final mərhələsinin döyüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xarakterli yarışın bu mərhələsində Azərbaycan milli komandasının 6 üzvü rinqə çıxıb. Onlardan ilk 4-ü məhz bu döyüşlərin yekununda Olimpiadaya bilet sifariş verməli olsalar da, 2 idmançımız arzusunu reallaşdırıb.


49 kq
İlk döyüşündə mərakeşli Abdeali Daraa üzərində inamlı qələbə qazanan Salman Əlizadə Kaeo Pongprayunla (Tailand) qarşılaşıb. Təəssüf ki, boksçumuz rinqi məğlubiyyətlə tərk edib.

İlk raundda 4:5 hesabı ilə geridə olan 18 yaşlı Avropa çempionumuz növbəti hissədə daha çox zərbə buraxıb və fasiləyə 11 xal geridə yollanıb – 6:17.

Əlizadə son raundda fərqi aradan qaldırmağa çalışsa da, yorğunluqdan bunu bacarmayıb və 8:23 hesabı ilə uduzub. Nəticədə mundialla vidalaşan boksçularımızın sayı 4-ə çatıb. Bununla belə, Əlizadənin lisenziya qazanmaq şansı qalıb. Onun məğlub edən tailandlı boksçu finala çıxarsa, Əlizadə London Olimpiadasına birbaşa lisenziya qazanacaq.

52 kq
İlk döyüşündə indoneziyalı Julio Briaya və ispaniyalı Fransisko Torijosu məğlub edən Elvin Məmişzadə üçüncü cəhdində monqolustanlı Tuqstsoqt Nyambayarla münasibətlərinə aydınlıq gətirib. O, “Baku Fires”in şərəfini qorumuş rəqibini çətinliklə də olsa, məğlub etməyi bacarıb.

İlk hissədə 6:5 hesabı ilə qalib gələn Elvin ikinci raundda zərbələrinin sayını daha da artıraraq 5 xal fərqi ilə önə keçib – 12:7.

Son hissə də gərginliyi ilə yadda qalıb. Lakin Nyambayardan üstün olan Məmişzadə 17:14 hesabı ilə qalib gələrək, həm 1/4 finala vəsiqə, həm də Azərbaycan milli komandası üçün Olimpiadaya 20-ci lisenziyanı qazanıb. Bununla da London-2012-də iştirak edəcək boksçularımızın sayı da 3-ə çatıb.

Həmyerlimiz növbəti mərhələdə Rusiyanı təmsil edən erməni əsilli Mişa Aloyanla görüşəcək.


64 kq
Bu çəkidə rinqə çıxan Heybətulla Hacəliyev uğurlu çıxışını davam etdirib. O, Əli İslam (Misir) və Koba Pxakadzenin (Gürcüstan) ardınca özbəkistanlı Sanjorbek Rəhmonov üzərində də inamlı qələbə qazanıb.

Belə ki, döyüşə fəal başlayan boksçumuz ilk dəqiqələrdən təşəbbüsə yiyələnib və fasiləyə 11:6 hesabı ilə üstün yollanıb. İkinci hissədə də Rəhmonov Hacəliyevə ciddi müqavimət göstərə bilməyib. Nəticədə daha dəqiq zərbələr vuran boksçumuz fərqi 11 xala (24:13) çatdırıb.

Son raundda da bu fərq dəyişməz qalib. 33:22 hesabı ilə qələbə qazanan Heybətulla 1/4 finala yüksəlməklə yanaşı, Azərbaycan milli komandasına 2012-ci ildə keçiriləcək London Yay Olimpiya Oyunlarına 19-cu lisenziyanı qazandırıb. Boks növündə isə bu yığmamızın ikinci lisenziyası olub.

Təmsilçimiz sabah növbəti döyüşündə Denis Berinçiklə (Ukrayna) qüvvəsini sınayacaq.


81 kq
Mübarizəyə 1/16 final mərhələsindən başlayan Ramil Əliyev ikinci görüşünə çıxıb. Rəsul Yuldaşevlə (Türkmənistan) döyüşdə inamlı qələbə qazanan həmyerlimizin rəqibi ukraynalı Aleksandr Qvozdik olub.

Ramilin bu qarşılaşmanı da qələbə ilə başa vuracağı gözlənilsə də, rəqibi buna imkan verməyib. Düzdür, Əliyev ilk hissəni 5:4 hesabı ilə xeyrinə başa çatdırıb. Lakin növbəti raundlarda boksçumuzun fiziki cəhətdən “çatdırmaması” ukraynalı idmançının hesabda irəli keçməsi ilə nəticələnib – 11:10.

Son hissənı də Qvozdik üstünlüyü şəraitində keçirib və 17:15 hesabı ilə qələbə qazanaraq, mərhələ adlayıb. Ramil isə mundialda mübarizəni dayandıran 5-ci həmyerlimiz olub.

Amma Ramil də Əlizadə kimi hələ lisenziya şansını itirməyib. Əliyevin London-2012-də iştirak hüququ qazanması üçün Aleksandr finala kimi irəliləməlidir.


91 kq
Mundiala Emmanuel Anderson (Barbados) üzərində böyükhesablı qələbə ilə başlayan Teymur Məmmədov ikinci görüşündə Yozef Darmosu (Macaristan) da yarışdan kənarlaşdırıb.

London-2012-yə lisenziya ilə yanaşı, dünya çempionluğunu hədəfləyən Avropa birinciliyinin qalibi gözəl döyüş sayəsində mərhələ adlayıb. Azarkeşlərin alqış sədaları altında ilk raundda 7:3, ardınca 7:2 hesabı ilə macarıstanlı boksçuya qalib gələn Teymur sonda onu 24:9 hesabı ilə məğlub edib. O, mundialda 1/4 finala vəsiqə qazanan ikinci boksçumuz olub.

Teymur növbəti mərhələdə daha güclü Xose Larduet (Kuba) ilə mübarizə aparacaq.

+ 91 kq
Məhəmmədrəsul Məcidovun dünya çempionatının 1/16 final mərhələsində rəqibi kolumbiyalı İsaia Mena Parra olub. Sərdor Abdullayevi (Özbəkistan) nokdaunla yarışdan kənarlaşdıran boksçumuz WSB liqasında qazana bilmədiyi Olimpiya lisenziyasına bu dəfə bir qədər də yaxınlaşıb.

Rəqibini ilk hissədə rinqin küncünə sıxan boksçumuz fasiləyə 7:2 hesabı ilə öndə yollanıb. O, növbəti raundda da kolumbiyalı həmkarına gücünü göstərib və dəqiq zərbələrinin sayını 11-ə çatdırıb. Döyüşün gedişində Parranı ikinci dəfə nokdauna salan Məcidov bu dəfə də vaxtından əvvəl qələbə qazanıb.

Təmsilçimiz 1/4 finalda Erislandi Sabo (Kuba) ilə döyüşəcək.

Qeyd edək ki, mundial 2012-ci il London Olimpiadasına lisenziya xarakteri daşıdığından bu çempionatda 92 idmançı olimpiya vəsiqəsinə sahib olacaq. İlk 8 çəkinin hərəsində 10, 91 kq-dək və 91 kq-dan ağır çəki dərəcələrinin hərəsində isə 6 nəfər Londonda iştirak hüququ qazanacaq.

Yarışa 9 boksçu ilə qatılan Azərbaycan milli komandasının heyətində daha öncə Rəhim Nəcəfov (56 kq), Emil Əhmədovun (69 kq) və Elvin İsayev (60) mübarizəni dayandırıblar.

Oktyabrın 8-də başa çatacaq yarışda sabah 1/4 final, 3 gün sonra isə 1/2 final mərhələsinin görüşləri baş tutacaq.