10:49 04-10-2011
news_image
1094
DÖYÜŞ NÖVLƏRİ

Daha bir boksçumuz London Olimpiadasına vəsiqə qazandı

Bakıda boks üzrə dünya çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, bu gün mübarizəyə başlayan 6 idmançımızdan biri 1/4 finala çıxmaqla, London yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

64 kq çəkidə rinqə çıxan Heybətulla Hacəliyev Əli İslam (Misir) və Koba Pxakadzenin (Gürcüstan) ardınca özbəkistanlı Sanjorbek Rəhmonovu da məğlub edib.

Belə ki, döyüşə fəal başlayan boksçumuz ilk dəqiqələrdən təşəbbüsə yiyələnib və fasiləyə 11:6 hesabı ilə üstün yollanıb. İkinci hissədə də Rəhmonov Hacəliyevə ciddi müqavimət göstərə bilməyib. Nəticədə daha dəqiq zərbələr vuran boksçumuz fərqi 11 xala (24:13) çatdırıb.

Son raundda da bu fərq dəyişməz qalib. 33:22 hesabı ilə qələbə qazanan Heybətulla 1/4 finala yüksəlməklə yanaşı, Azərbaycana 2012-ci ildə keçiriləcək London Yay Olimpiya Oyunlarına 19-cu lisenziyanı qazandırıb. Boks növündə isə bu yığmamızın ikinci lisenziyası olub.

Təmsilçimiz növbəti döyüşündə Denis Berinçik (Ukrayna) – Conatan Alonso (İspaniya) cütünün qalibi ilə qüvvəsini sınayacaq.