18:41 04-10-2011
news_image
1131
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan London Olimpiya Yay Oyunlarına 20-ci lisenziyanı qazandı

Azərbaycan milli komandası 2012-ci ildə keçiriləcək London Olimpiya Yay Oyunlarına 20-ci lisenziyanı qazanıb. Apasport.az saytının məlumatına görə, bu uğura Bakıda keçirilən boks üzrə dünya çempionatında 1/4 finala yüksələn Elvin Məmişzadə (52 kq) imza atıb.

İlk döyüşündə indoneziyalı Julio Briaya və ispaniyalı Fransisko Torijosu məğlub edən həmyerlimiz üçüncü cəhdində monqolustanlı Tuqstsoqt Nyambayarla qarşılaşıb. O, “Baku Fires”in şərəfini qorumuş rəqibini çətinliklə də olsa, məğlub edib.

İlk hissədə 6:5 hesabı ilə qalib gələn Elvin ikinci raundda zərbələrinin sayını daha da artıraraq 5 xal fərqi ilə önə keçib – 12:7.

Son hissə də gərginliyi ilə yadda qalıb. Lakin Nyambayardan üstün olan Məmişzadə 17:14 hesabı ilə qalib gələrək, həm 1/4 finala vəsiqə, həm də Azərbaycan milli komandası üçün 20-ci lisenziyanı qazanıb. Bununla, London-2012-də iştirak edəcək boksçularımızın sayı da 3-ə çatıb.

Həmyerlimiz növbəti mərhələdə Rusiyanı təmsil edən erməni əsilli Mişa Aloyanla görüşəcək.

Xatırladaq ki, Elvindən öncə Soltan Migitinov (75 kq) və Heybətulla Hacəliyev (64 kq) olimpiadaya lisenziya qazanıb.