23:11 04-10-2011
news_image

Elvin Məmişzadə: Fərqli taktiki öz sözünü dedi

“Bu döyüşdə qələbə, elə də asan başa gəlmədi. Rəqib güclü idi. Nyambayar 2009-cu ildə dünya çempionatının finalçı olub. Amma çətinliyə rəğmən, yekunda qalib gəldim və London olimpiadasına lisenziya qazandım. Sevincimin həddi-hüdudu yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın aparıcı boksçusu Elvin Məmişzadə deyib.

Gərgin mübarizədə 52 kq çəkidə monqolustanlı Tuqstsoqt Nyambayara 17:14 hesabı ilə qalib gələn idmançımız rəqibini fərqli taktika sayəsində üstələdiyini deyib: “İlk 2 raundda kifayət qədər xal yığdığımdan, sonuncuda müdafiə üslubunu seçdim. Düzü, rəqibimi tanıyırdım. AİBA-nın WSB liqası çərçivəsində keçirilmiş təlim-məşqlərdə onunla sparinqdə olmuşdum. Bu üzdən, məşqçilər ona qarşı məni xüsusi taktika ilə hazırlamışdılar. Döyüş zamanı tez-tez geri çəkilirdim, özümü rinqin küncünə sıxır və rəqibi üstümə gəlməyə məcbur edirdim. Bu baş verdikdə, əks zərbələrlə sıyrılıb, onu çətin vəziyyətə salırdım”.

Məmişzadə bildirib ki, artıq bu qələbəni unudub və indi qarşıdakı döyüş barəsində fikirləşir: “Hazırda növbəti görüş barəsində fikirləşirəm. Onu qeyd edim ki, qarşıda məni çətin sınaq gözləyir. Əgər rusiyalı boksçuya qalib gələrəmsə, onda yarımfinala adlamış olacam. Bu isə, artıq medal deməkdir”.

KAMRAN