20:14 05-10-2011
news_image
6650
DÖYÜŞ NÖVLƏRİ

2 medal, 2 lisenziya

Bakıda təşkil olunan boks üzrə dünya çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yarışda bu gün 1/4 final mərhələsinin döyüşlərinə start verilib. London-2012-yə lisenziya xarakterli turnirdə Azərbaycan millisinin 4 üzvü də mübarizə aparıb. Həmyerlilərimizdən ikisi Olimpiadaya lisenziya qazandıqlarından, digər ikisi medal arzusunu reallaşdırmağa çalışıb.

52 kq
İlk 3 mərhələdə indoneziyalı Julio Briaya, ispaniyalı Fransisko Torijos və monqolustanlı Tuqstsoqt Nyambayarı mübarizədən kənarlaşdırmaqla, London-2012-yə lisenziya qazanan Elvin Məmişzadənin fəxri kürsüdə yer almaq arzusu növbəti dünya çempionatınadək təxirə düşüb.
Çünki onun 1/4 finalda növbəti mərhələyə gedən yolunu Rusiyanı təmsil edən kürd əsilli Mişa Aloyana kəsib. Düzdür, həmyerlimiz ilk raundu xeyrinə bitirib – 4:3. Lakin sonrakı hissədə təşəbbüsü ələ alan təcrübəli rəqib fərqi aradan qaldırıb (7:7).
Son hissədə də Elvinin əzmkar mübarizəsinə baxmayaraq, yekunda Mişa 14:12 hesabı ilə qalib gəlib. Nəticədə Məmişzadə yarışda çıxışını dayandıran 7-ci boksçumuz olub.

64 kq
Heybətulla Hacəliyev də mübarizəni dayandırıb. Əli İslam (Misir), Koba Pxakadzenin (Gürcüstan) və Sanjorbek Rəhmonova (Özbəkistan) qalib gələn həmyerlimiz bu mərhələdə Denis Berinçiklə (Ukrayna) bacarmayıb.
1/4 finala yüksəlməklə Olimpiadaya lisenziya qazanan həmyerlimiz ukraynalı boksçu ilə döyüşdə çətinliklə üzləşib. I və III raundda nokdauna düşən Hacəliyev yekunda 19:33 hesabı ilə uduzub.

91 kq
Emmanuel Anderson (Barbados) və Yozef Darmos (Macaristan) üzərində inamlı qələbə qazanan Teymur Məmmədov uğuru çıxışını bu gün də davam etdirib.
Avropa çempionumuz 1/4 finalda dünyanın ən güclü boksçusu Xose Lardueti (Kuba) mübarizədən kənarlaşdırıb. O, ilk raunddan yiyələndiyi üstünlüyü sonacan qoruyub. Fasiləyə 2 xal irəlidə yollanan boksçumuz növbəti hissədə rəqibindən az dəqiq zərbə vursa da, yekunda 24:20 hesabı ilə layiqli qələbə qazanıb. Bu qalibiyyətlə boksçumuz həm Olimpiya lisenziyasını, həm də ən azından özü üçün bürünc medalı təmin edib.
Məmmədov yarımfinalda Xuanxuan Vanq (Çin) ilə qarşılaşacaq.

+ 91 kq
İlk 2 döyüşdə Sərdor Abdullayev (Özbəkistan) və İsaia Mena Parraya (Kolumbiya) nokdaunla qalib gələn Məhəmmədrəsul Məcidov bu dəfə Erislandi Saboya (Kuba) gücünü göstərib. O, kubalı rəqibini də vaxtından əvvəl məğlub edərək, mərhələ adlayıb. Məhəmmədrəsul rəqibini II raundda nokdauna salıb.

Yarımfinala yüksələn Məcidov Məmmədov kimi, həm yığmamız üçün London Olimpiadasına 22-ci lisenziyanı, həm də özü üçün ən azından bürünc medalı qazanıb. Onun yarımfinaldakı rəqibi İvan Diçko (Qazaxıstan) olacaq.

Qeyd edək ki, yarışa 9 boksçu ilə qatılan Azərbaycan milli komandasının heyətində Rəhim Nəcəfov (56 kq), Emil Əhmədovun (69 kq) və Elvin İsayev (60), Salman Əlizadə (49 kq) və Ramil Əliyev mübarizəni dayandırıblar.

Oktyabrın 8-də başa çatacaq mundialda sabah istirahət günüdür.