17:08 05-10-2011
news_image
1195
DÖYÜŞ NÖVLƏRİ

Daha bir boksçumuz London Olimpiadasında

Azərbaycan boksçusu Teymur Məmmədov (91 kq) ölkəmiz üçün London Olimpiadasına 21-ci lisenziyanı və Bakıda keçirilən dünya çempionatında ilk medalı qazandırıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionumuz buna mundialın 1/4 final mərhələsində Xose Larduetu (Kuba) məğlub etməklə nail olub.

Belə ki, Emmanuel Anderson (Barbados) və Yozef Darmos (Macaristan) üzərində inamlı qələbə qazanan Məmmədov kubalı dünya çempionu ilə ilk raunddan yiyələndiyi üstünlüyü sonacan qoruyub.

Fasiləyə 2 xal irəlidə yollanan boksçumuz növbəti hissədə rəqibindən az dəqiq zərbə vursa da, yekunda 24:20 hesabı ilə layiqli qələbə qazanıb. Bu qalibiyyətlə isə boksçumuz həm Olimpiya lisenziyasını, həm də ən azından özü üçün bürünc medalı təmin edib.

Məmmədov yarımfinalda yarımfinalda Xuanxuan Vanq (Çin) – Vasili Levit (Qazaxıstan) döyüşünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Məmmədov lisenziya qazanan 4-cü boksçumuz olub. Ondan öncə Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq) və Soltan Migitinov (75 kq) bu sevinci yaşamışdı.