23:03 05-10-2011
news_image
2587
DÖYÜŞ NÖVLƏRİ

Teymur Məmmədov: İndi rahatam - MÜSAHİBƏ

Bakıda təşkil olunan boksçular arasında dünya çempionatında Azərbaycan milli komandası ilk medalını qazandı. Bu uğura 91 kq-da çıxış edən gənc idmançımız Teymur Məmmədov imza atdı. 1/4 finalda kubalı rəqibini bir çox cəhətlərdə üstələyərək, mötəbər yarışa xüsusi rəng qatan boksçumuz London Olimpiadasına lisenziya almaqla yanaşı, ən azı bürünc medalı özünə təmin etdi. Döyüşdən sonra Məmmədov apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Qələbə münasibətilə sizi təbrik edirik. Bu çətin görüş barəsində nə deyə bilərsiniz?
- Yarımfinala adladığıma görə şadam. Olimpiadaya lisenziya qazandım. İndi rahat ola bilərəm. Düzü, qələbəyə inanırdım.

- Razılaşaq ki, rəqibiniz də çox güclü idi.
- Bildiyimiz kimi, kubalı boksçular bütün yarışlarının əsas favoritlərindən sayılırlar. Onlara qarşı döyüşmək xüsusi cəsarət və dözümlülük tələb edir. Xose Lardueti dünya və olimpiya oyunlarının iştirakçısı olub. Onun təcrübəli olmasına rəğmən, qalib gəldiyimə üçün çox şadam.

- Nədən narazı qaldınız?
- Hakimlər döyüşü elə də ədalətli idarə etmədilər. Rəqibim mənə qaydalardan kənar bir zərbə vurdu. Hakimlər buna görə Kuba idmançısına xəbərdarlıq verməli idilər. Amma bu, olmadı.

- Kubalı boksçu 91 kq çəkidə əsas lider hesab olunurdu. İndi ona qalib gəldiniz. Demək, qızıl medala doğru yol da açıldı...
- Bu il Avropa çempionu oldum. Çox istərdim ki, eyni uğuru dünya çempionatında da gerçəkləşdirim. Finala çıxmağıma əminəm. Məncə, digər tərəfdən həlledici döyüşdə ukraynalı boksçu vəsiqə qazanacaq. Allahın köməkli ilə o görüşü də udaram.

Kamran HACI