20:27 07-10-2011
news_image
4047
DÖYÜŞ NÖVLƏRİ

2 boksçumuz finalda! - YENİLƏNİB

Bu gün Bakıda boks üzrə dünya çempionatında yarımfinal görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil edilən yarışda 2 boksçumuz – Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov həlledici mərhələyə yüksəlmək üçün növbəti döyüşlərinə çıxıblar. Onların hər ikisi yarımfinalda iştiraklarını uğurla başa vurublar.

91 kq
İlk 3 döyüşündə Emmanuel Anderson (Barbados), Yozef Darmos (Macaristan) və Xose Lardueti (Kuba) məğlub edən Teymur Məmmədov uğurlu çıxışını davam etdirib. London-2012-yə lisenziya qazanan Avropa çempionumuz mundialın yarımfinalında çinli Xuanxuan Vanqı da mübarizədən kənarlaşdırıb.

Belə ki, 18 yaşlı həmyerlimiz ilk hissədə 4:2 hesabı ilə irəlidə olub. Bundan sonra maraqlı hadisə yaşanıb. Asiyalı boksçu döyüşü davam etdirməkdən imtina edib. Nəticədə Məmmədov vaxtından əvvəl finala vəsiqə qazanıb.

Onun sabah baş tutacaq həlledici döyüşdə rəqibi Aleksandr Usik (Ukrayna) olacaq.

+ 91 kq
Təmsilçimiz Məhəmmədrəsul Məcidov çempionluğa namizəd olduğunu bir daha sübut edib. Sərdor Abdullayev (Özbəkistan), İsaia Mena Parraya (Kolumbiya) və Erislandi Saboya (Kuba) nokdaunla qalib gələn həmyerlimiz bu dəfə İvan Diçkonu (Qazaxıstan) məğlub edib.

İlk raundda 4:3 hesabı ilə qələbə qazanan boksçumuz ikinci hissənin fasiləsinə də 1 xal irəlidə çıxıb – 8:7.

Üçüncü raund isə Məcidovun üstünlüyü şəraitində keçib. Bunun nəticəsi olaraq, yekunda təmsilçimiz 7 xal fərqi ilə qalib gələrək (16:9), finala vəsiqə qazanıb. Məhəmmədrəsul Teymurun ardınca həlledici görüşə yüksələn 2-ci boksçumuz olub.

2012-ci ildə keçiriləcək London Olimpiadasına lisenziya qazanmış Məcidov finalda Entoni Coşua (İngiltərə) ilə üz-üzə gələcək.

Qeyd edək ki, sabah başa çatacaq dünya çempionatında Məmmədov və Məcidovdan başqa, Elvin Məmişzadə (52 kq) və Heybətulla Hacəliyev (64 kq) də London-2012-yə lisenziya qazanıb.

Yığmamızın heyətində Salman Əlizadə (49 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60), Emil Əhmədovun (69 kq) və Ramil Əliyev (81 kq) isə yarışı həm titulsuz, həm də lisenziyasız başa vurublar.