16:34 08-10-2011
news_image
5121
DÖYÜŞ NÖVLƏRİ

Məcidov dünya çempionu oldu, Məmmədov gümüş qazandı

Bakıda keçirilən boks üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil edilən yarışların son günündə 10 çəki dərəcəsində final görüşləri baş tutub.

Həlledici döyüşlərdə Azərbaycan milli komandasının 2 boksçusu – Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov da mübarizə aparıblar. Lakin onlar finalda fərqli nəticə göstəriblər: Teymur məğlub olubsa, Məhəmmədrəsul qələbə qazanıb.

91 kq
Emmanuel Anderson (Barbados), Yozef Darmos (Macaristan), Xose Larduet (Kuba) və Xuanxuan Vanq (Çin) üzərində layiqli qələbə qazanan Teymur Məmmədovun dünya çempionu olmaq arzusu ən azı 2 illik təxirə düşüb.

Belə ki, qızıl medalın 1 addımlığında büdrəyən 18 yaşlı Avropa çempionumuz bu istəyini reallaşdırmaq üçün həlledici döyüşdə ukraynalı Aleksandr Usikə məğlub olub – 15:25. Boksçumuz hər 3 raundda təcrübəli rəqibindən geri qalaraq (6:7, 6:11 və 3:7) gümüş medalla kifayətlənib.

+ 91 kq
WSB liqasında da finala kimi irəliləyən və burada çempion titulunu qazana bilməyən Məhəmmədrəsul Məcidov Bakıda dünyanın ən güclüsü adına yiyələnməyə nail olub. Sərdor Abdullayev (Özbəkistan), İsaia Mena Parraya (Kolumbiya) və Erislandi Saboya (Kuba) nokdaunla, İvan Diçkoya (Qazaxıstan) isə 7 xal fərqi ilə qalib gələn həmyerlimiz bu dəfə Entoni Coşuanı (İngiltərə) sınağa çəkib.

İlk raundda uduzan (5:8) boksçumuz 2-ci bölümdə rəqibini noqdauna belə saldığı döyüşün tarazlığını bərpa edib – 14:14. Artıq 2012-ci ildə keçiriləcək London Olimpiadasına lisenziya qazanmış boksçumuz döyüşün taleyini son raundda həll edərək, 22:21 hesabı ilə qalib gəlib. Bununla, Azərbaycanın boks üzrə dünya çempionatlarındakı 8 illik qızıl həsrətinə son qoyulub.

Belə ki, bunadək yeganə olan çempionluğu 2003-cü ildə Ağası Məmmədov qazanmışdı.

Qeyd edək ki, bu gün yekun vurulan dünya çempionatına Azərbaycan milli komandası 9 boksçu ilə qatılmışdı. Onlardan Məmmədovla Məcidovdan başqa, Elvin Məmişzadə (52 kq) və Heybətulla Hacəliyev (64 kq) də London-2012-yə lisenziya qazanıb.

Yevgeni Kotovun yetirmələrindən Salman Əlizadə (49 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60), Emil Əhmədovun (69 kq) və Ramil Əliyev (81 kq) isə yarışı vaxtından əvvəl başa vurduqlarından nə titul, nə də lisenziyaya sahib ola bilməyiblər.