23:04 07-10-2011
news_image

Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı

Kiprin Pafos şəhərində taekvondo üzrə gənclərin 18-ci Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Belə ki, taekvondoçularımızdan Nərminə Məmmədova (42 kq) yığmamıza ilk medalı qazandırıb. O, fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Digər idmançılarımızdan Mikayıl Əliyev (51 kq) də çempionata qələbə ilə başlayıb. Lakin həmyerlimiz ilk görüşdə ermənistanlı rəqibi Mixael Bağdasaryanı 27:9 hesablı ilə vaxtından əvvəl məğlub etsə də, almaniyalı idmançı ilə qarşılaşmada hakim səhvi təmsilçimizin mübarizəni dayandırması ilə nəticələnib. Referilər hesab 22:24 olarkən idmançımızın son saniyələrdə bir baş və fırlanma zərbəsini hesaba almayıblar.

İlk görüşdə qələbə qazanan Elmar Bədəlli (45 kq) də ikinci mərhələdə uduzub. Əşrəf Baxışovla (48 kq) Zümrüd Məlikova (46 kq) isə ilk döyüşün son anında qələbəni əldən veriblər.

Qeyd edək ki, taekvondoçularımızdan Hüseyn Mehrəliyev (59 kq), Elvin Əliyev (+78 kq) və Təranə Məmmədova (44 kq) hələ mübarizəyə qoşulmayıblar. Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.