13:29 08-10-2011
news_image
1015
DÖYÜŞ NÖVLƏRİ

AİBA prezidenti: BBC bizə heç bir fakt təqdim etməyib

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vu bu gün mətbuat konfransı keçirib. Apasport.az saytının xəbərinə görə, AİBA rəhbəri ölkəmizdə təşkil olunan dünya çempionatının gərgin mübarizə şəraitində keçdiyini söyləyib.

Mundialın gedişində sonuncu dəfə media nümayəndələri qarşısına çıxan Vu bildirib ki, Bakıdakı turnir çox yaxşı təəssüratlarla yadda qaldı: “Öncə onu deyim ki, dünya çempionatı çox gərgin keçdi. Gözlənildiyi ki, favoritlər məqsədlərinə çatdılar. Yarış çox yüksək səviyyədə təşkil olundu, döyüşlər ədalətlə idarə olundu. İdmançılar və məşqçilər mənə turnirdən razı qaldıqlarını dedilər. Halbuki, bu, elə də asan məsələ deyil. Burada müxtəlif ölkələrdən, xalqlardan və dinlərdən olan insanlar var. Yarışın təşkilatçıları işi yüksək səviyyədə qurmuşdular. Hər şey əla idi”.

AİBA rəhbəri, həmçinin vurğulayıb ki, “BBC Newsnight” proqramında səslənən ittihamları araşdırmaq üçün yaradılan xüsusi təhqiqat komitəsinin üzvlərinin adıçəkilən televiziya əməkdaşları ilə görüşü nəzərdə tutulsa da, bu, baş tutmayıb: “BBC nümayəndə heyəti bizə fakt təqdim etməli idi. Lakin ortada heç nə yoxdur, səslənən ittihamlarla bağlı bizə hansısa fakt göstərilməyib . Bu səbəbdən təhqiqat komitəsi BBC nümayəndələri ilə əlaqə saxlamır”.