15:40 10-10-2011
news_image
2235
DÖYÜŞ NÖVLƏRİ

Bakıda keçirilən boks üzrə dünya çempionatı nəyi üzə çıxardı? - TƏHLİL

Boks üzrə XVI dünya çempionatı Bakıda keçirildi. Bu çempionat təkcə Azərbaycan paytaxtında keçirildiyi üçün yox, həm də ölkəmizin bu idman növündə 8 illik çempionluq həsrətinə son qoyduğu üçün önəmlidir. Azərbaycanın dünya çempionatına ev sahibliyi etməsinə dünyanın aparıcı boks ölkələri də həsəd aparır və bunu heç gizlətmirdilər də...

Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çempionatın həm açılış, həm də bağlanış mərasimlərində iştirak etməsini isə yarışın nə dərəcədə əhəmiyyətli olduğunun daha bir sübutu saymaq olar. Təsadüfi deyil ki, Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov yarışın açılışındakı çıxışında dövlət başçısının ölkədə idmanın, o cümlədən boksun inkişafına hər cür dəstək verdiyini xüsusi vurğulamışdı: “Ulu öndərin idmana mütərəqqi münasibətini böyük əzmkarlıqla davam etdirən Milli Olimpiya Komitəsinin prezidenti, Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin idmanın inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz beynəlxalq idman mərkəzlərindən birinə çevrilmişdir.

...Dövlət qayğısı sayəsində boksçularımız üçün müasir standartlara cavab verən təlim-məşq qurğularının tikilib istifadəyə verilməsi, ölkəmizdə yüksək səviyyəli beynəlxalq yarışların və turnirlərin keçirilməsi, boksçularımızın dünya arenasında qazandıqları qələbələr idmanın bu növünün də ölkəmizdə uğurlu inkişafından xəbər verir. Azərbaycan boksunun inkişafı naminə göstərdiyi xüsusi diqqət və qayğıya görə bütün boksçular adından möhtərəm prezident cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk”.

Apasport.az saytının məlumatına görə, son Olimpiya Oyunlarında cəmi 2 boksçu ilə təmsil olunan Azərbaycan milli komandası 2012-ci ildə təşkil olunacaq London Olimpiadasına hələlik 5 lisenziya (vəsiqələrdən biri WSB liqasında) qazanıb. Bununla yanaşı, yığmamız mundialda tarixinin ən yaxşı nəticəsinə imza atıb.

Belə ki, Azərbaycanda bu idman növünün yüksəliş dövrünə nəzər salsaq, bunu 2 hissəyə bölmək olar: 1992-ci ildən AİBA və EABA-nın tamhüquqlu həqiqi üzvü olan Azərbaycan Boks Federasiyası (ABF) 17 il ərzində öz inkişaf mərhələsinə qədəm qoyub. 2009-cu ildən etibarən ABF-nin yenidən qurulması prosesinə başlanılıb və bu, çox qısa müddət ərzində, cəmi iki il sonra özünün müsbət bəhrəsini verib.

Nəsildəyişmə prosesi uğurla yekunlaşır

Boksçularımızın son dünya və Avropa çempionatlarındakı göstəricilərinə nəzərə saldıqda nəsildəyişmə prosesinin müsbət nəticələrini görmək olur. 2007-ci ildə cəmi bir medal qazanan Azərbaycan milli komandası iki il sonra yarışı uğursuz başa vurdu. Təbii ki, bu da səbəbsiz deyil. Artıq “Pekin-2008” olimpiadasından sonra heyətdəki aparıcı boksçuların karyeralarını bitirməsi yığmada nəsildəyişmə prosesini labüd etmişdi. Heyətə cəlb edilən gənc boksçuların isə beynəlxalq təcrübə toplaması üçün zaman ehtiyac vardı. Lakin bu zaman keçidini sürətli etməyi bacardılar. Əgər 2008-ci il gənclər arasında Qvadalaxarada keçirilən dünya birinciliyinə Azərbaycan qatılmamışdısa, cəmi iki il sonra bu mundialın ev sahibi bizim ölkə idi.

Nəticədə Salman Əlizadə (49 kq) və Şaban Şahpələngov (51 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Elvin İsayev (57 kq) isə yarışı bürünc medalla bitirdi. Hazırda bu idmançılar milli komandamızın əsas simalarından hesab olunurlar.

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) ilə gənclərin dünya birinciliyinin Bakıda keçirilməsinə dair müqavilə bağlayan Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov demişdi: “Azərbaycan Boks Federasiyasını qarşıda şərəfli yol gözləyir. Müəyyən səbəblərdən son vaxtlar heç də yaxşı nəticələr əldə olunmayıb. Boks Federasiyasının inkişafı üçün Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən müəyyən tapşırıqlar verilib. İnanırıq ki, tezliklə böyük nailiyyətlər qazanılacaq. Azərbaycan boksu bundan sonra daha da inkişaf edəcək, boksçularımız bayrağımızı Olimpiya oyunlarında yüksəyə qaldıracaqlar”.

Ötən il gənclər arasında boks üzrə dünya birinciliyinin keçirildiyi ölkəmizdə bir il sonra böyüklər arasında dünya çempionatı kimi möhtəşəm yarış keçirildi. Azərbaycan Rusiyadan sonra MDB ölkələri sırasında bu çempionata ev sahibliyi edən ikinci ölkə oldu. Artıq WSB liqası da daxil olmaqla, 5 lisenziya qazanan boksçularımız bunların sayını artırmaq imkanına da malikdirlər. Komandamızı İstanbulda baş tutacaq lisenziya xarakterli daha bir yarış gözləyir. Boksçularımız burada uğur qazanmasalar belə, Pekin Olimpiadası ilə müqayisədə, 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunacaqlar.

Bakıda keçirilən mundial isə nəsildəyişmə prosesinin uğurla başa çatdığına əyəni sübut oldu. Əgər 2 il öncə boksçularımız medala həsrət qalmışdılarsa, bu dəfə tarixlərinin ən yaxşı nəticəsinə imza atdılar və idman salnaməmizə yeni səhifələr yazdılar: Məhəmmədrəsul Məcidov (+91) dünyanın ən güclüsü adına yiyələndi, Teymur Məmmədov (91 kq) isə yalnız finalda uduzaraq, gümüş medal qazandı.

Onların hələ finala yüksəlməsi 6 illik həsrətimizə son qoydu. Belə ki, sonuncu dəfə 2005-ci ildə Myanyanda (Çin) keçirilən dünya çempionatında yaşanan bu sevinc növbəti dəfə 6 ildən sonra təkrarlandı. Düzdür, həmin vaxtda da birdən-birə 2 boksçumuz - Ramal Amanov (60 kq) və Elçin Əlizadə (91 kq) finala yüksəlmişdilər. Lakin onların hər ikisi finalda məğlubiyyətə üzülmüşdülər. Bundan sonrakı 2 çempionatda isə milli komandamızın heç bir üzvü bu nailiyyəti təkrarlaya bilməmişdi.

Həmçinin, bu dəfə komandamızın qazandığı 1 qızıl və 1 gümüş medal tariximizdə ən yaxşı göstəricidir. Əgər indiyə kimi iştirak etdiyimiz analoji yarışlarda 2003-cü ildə qazandığımız 1 qızıl və 2 bürünc Azərbaycan yığması üçün rekord hesab olunurdusa, Məhəmmədrəsul və Teymurun sahib olduqları titul həmin rekordu təzələdi.

Bu nəticə ilə isə yığmamız paytaxtımıza gələn 127 ölkə arasında medalların əyarına görə 3-cü yeri tutaraq, Rusiya kimi dünyanın aparıcı boks ölkəsini qabaqladı.

Yeri gəlmişkən, ötən il Azərbaycan AİBA-nın forumuna da ev sahibliyi edib. Tədbir başa çatdıqdan sonra beynəlxalq qurum ilin yekunlarına görə, ən yaxşı boksçuları məhz Bakıda mükafatlandırıb.

18 il sonrakı uğur

Bu il Azərbaycan milli komandası Avropa çempionatında da medalların əyarına görə, tarixinin ən yaxşı nəticəsinə imza atdı. Yığmamız buna Türkiyənin paytaxtı Ankarada keçirilən Avropa çempionatında nail oldu.
Qonşu ölkədə 18 illik həsrətə son qoyuldu. Avropa çempionatının final döyüşündə qalib gələn Salman Əlizadə (49 kq) yığmamızın uzun fasilədən sonra qızıl medal arzusunu reallaşdırdı.

1993-cü ildən müstəqil ölkə kimi Avropa çempionatlarına qatılan Azərbaycan elə ilk cəhddə çempionluq sevinci yaşamışdı. Həmin vaxt Rövşən Hüseynov qitənin ən güclüsü adına layiq görülmüşdü. O, 51 kq çəki dərəcəsində almaniyalı Riko Kubatı məğlub edərək, Türkiyənin Bursa şəhərindən qızıl medalla qayıtmışdı. Bundan sonrakı 8 yarışda çempionluğa həsrət qalan boksçularımız 18 illik fasilədən sonra yenə də Türkiyədə fərqlənib.

Həmçinin, müstəqil ölkə kimi 10-cu dəfə qitənin ən mötəbər yarışında iştirak edən millimiz 2 qızıl və 1 bürünc medal qazanmaqla da, yeni rekord müəyyənləşdirdi. Buna kimi isə komandamızın yüksək göstəricisi məhz 1993-cü ildə Bursada baş tutan çempionatda sahib olduğumuz 1 qızıl medal idi.

Bu yarışdan sonra AİBA-nın açıqladığı reytinq cədvəli də Azərbaycan boksçularının dünyada güclü olduğunu bir daha təsdiqlədi. 49 kq çəki dərəcəsində Salman Əlizadə 1600 xalla bütün rəqiblərini qabaqladı. Teymur Məmmədov (91 kq) isə 912,5 xalla dünyanın üçüncü ən güclü boksçusudur.

Avropa çempionatında inamlı çıxışımız Bolqarıstan milli komandasının baş məşqçisi Petr Losevi də yaxşı mənada təəccübləndirmişdi. O bildirmişdi ki, artıq qitədə qüvvələr nisbəti bərabərləşir: “Ankarada bir çox güclü komandalar iştirak edirdi. Rusiya, Azərbaycan, Ukrayna, Uels, Türkiyə və İrlandiya əla heyətə malik idi. Bunun üçün də onların hamısı medal qazandılar”.

Avropa Boks Federasiyası: Azərbaycanda boksun inkişafı çox sürətlə gedir

Milli komandamızın sabiq kapitanı, Pekin Olimpiadasının bürünc mükafatçısı Şahin İmranov da gənc yığmamızın uğurlarının hələ qarşıda olduğu qənaətindədir: “Hazırda millimiz yaş fərqini görə digər komandalar arasında çox gəncdir. Burada 18, 19 və 20 yaşlı boksçular döyüşür. Onlar üçün isə hər şərait yaradılıb. Bu uşaqlar lazımı nəticə verməlidirlər. Mümkün də deyil ki, onlara göstərilən hərtərəfli qayğını cavabsız qoysunlar. Məsələn, biz Hacıkənd, Quba və ya Qusarda təlim-məşq toplanışları keçirdiksə, hazırkı heyət İtaliyada məşq edir. Biz Bakıya Qazaxıstandan, Gürcüstandan və ya Özbəkistandan boksçular gələndə sevinirdik ki, yoxlama döyüşləri keçəcəyik. Amma indi fərqlidir. Boksçularımız bir neçə ölkə ilə birgə məşq edirlər, təcrübələrini artırmaq üçün kifayət qədər şans qazanırlar. Düzdür, bizə də hərtərəfli şərait yaradılmışdı, lakin indiki kimi yüksək səviyyədə deyildi”.

Yığmamızın dünya çempionatındakı qələbəsini və qazandığı lisenziyaları 92 lisenziyadan birinə sahib ola bilməyən Türkiyə milli komandası özü üçün təsəlli adlandırıb. Türkiyə Boks Federasiyasının prezidenti Eyub Gözgəci Azərbaycan boksçularının inamlı qələbəsi ilə təsəlli tapdıqları qənaətindədir: “Bizim boksçularımız dünya çempionatında çox uğursuz çıxış etdilər. Medal ala bilmədik, inşallah, Türkiyədə olacaq Olimpiya təsnifat mərhələsində uğurla çıxış edib, lisenziyalara sahib olarıq. Amma belə anda “Bir millət, iki dövlət” devizi yada düşür. Dünya çempionatında çox güclü olan Azərbaycan boksçularının gözəl çıxışı ilə təsəlli tapırıq, sevinirik, onlara gələcəkdə də uğurlar arzulayırıq. Uduzanlar da 1-2 xal fərqi ilə məğlub oldular. Bunu isə Boks Federasiyanızın səmərəli fəaliyyəti ilə əlaqələndirərdim. Bakıda sona çatan çempionata da əla ev sahibliyi etdiyinizi deməliyəm. Təşkilatçılığa söz ola bilməzdi. Mundialdan öncə isə Bakıda hazırlıq keçmişdik. Azərbaycanla həm həvəskarlar arasında, həm də WSB liqasında eyni qrupdayıq. Münasibətlərimiz daha da sıxlaşır. Bizim üçün Bakıda inşa ediləcək yeni kompleksin də böyük əhəmiyyəti olacaq”.

Avropa Boks Federasiyasının (EABA) prezidenti Umberto Furqoni isə bildirib ki, Azərbaycanda keçirilən dünya çempionatının hələ analoquna rast gəlməyib: “Dünya çempionatındakı təşkilatçılığınıza söz ola bilməz. Mənim üçün Bakıda baş tutan mundial indiyə kimi keçirilən analoji yarışlardan ən yüksəyidir. Bir sözlə, açılış və bağlanış mərasimləri, döyüşlərin təşkilinə söz ola bilməz. Azərbaycan milli komandasının üzvlərinə gəlincə, onlar çox güclüdürlər. Yığmanız həmişə hər bir mötəbər yarışlara ciddi yanaşır və güclü heyət çıxarır. Bu çempionat da istisna deyil və hər bir idmançını çox yüksək səviyyədə döyüşlər keçirir”.

Beynəlxalq qurumun rəhbəri növbəti illərdə Azərbaycanın Avropa çempionatı kimi yarışa ev sahibliyi etməsini istisna etməyib və belə bir federasiyanın rəhbərlik etdiyi EABA-ın üzvü olduğu üçün şaddır: “Mən Azərbaycana bir neçə dəfə gəlmişəm və burada turnirlərdə iştirak etmişəm. Gələcəkdə ola bilər ki, böyüklər arasında Avropa çempionatını ölkənizə etibar edək. Çünki hazırda Azərbaycanda boks idman növünün inkişafı çox sürətlə gedir. Boks Federasiyanız ev sahibliyi edəcəyi yarışla bağlı hansı öhdəliyi üzərinə götürürsə, onu sonacan yüksək səviyyədə həyata keçirir”.

Yığmamızın sabiq kapitanı, dünya çempionatının bürünc mükafatçısı Əli İsmayılovun fikrincə, tezliklə boksçularımız dünyada arzuolunmaz rəqiblərə çevriləcəklər: “Komandada nəsildəyişmə prosesi gedib. Heyət gənclərdən qurulub, kifayət qədər təcrübələri yoxdur. Bunun üçün bu komandanın uğuru hələ irəlidədir. Onlar Avropa çempionatında da bunu sübut etdilər. Razılaşaq ki, hazırda idmançılarımız üçün yaradılan şərait onların irəli getməsi üçün çox böyük köməkdir. Onlar belə bir qayğı ilə əhatə olunduqlarından daim xalqımıza sevinc bəxş etməlidirlər və bunu da bacaracaq gücdədirlər. Onlar bu Olimpiada ilə müqayisədə, 2016-cı il Olimpiya oyunlarında daha da möhtəşəm olacaqlar. Çünki hələ gəncdirlər və bir qədər “bişmək” üçün zamana ehtiyacları var”.

Dünya çempionatının texniki nümayəndəsi, AİBA rəsmisi, braziliyalı Luis Bozelli isə mundialın gedişində bəzi xırda problemlərin olduğunu bildirsə də, yarışın yüksək səviyyədə keçdiyini deyib: “İstənilən ölkədə turnir başlayanda bəzi problemlər yaranır. Amma Bakıda vəziyyət çox yaxşı idi. Hələ döyüşlərin başlamasına 20 dəqiqə qalmış hər şey hazır olurdu. AİBA-nın dünya çempionatı kimi yarışları həmişə yüksək səviyyədə təşkil olunub. Bakıdakı lisenziya xarakterli dünya çempionatı da belə oldu. Biz Bakıda buna qədər bir neçə turnirdə iştirak etmişik. Hər zaman təşkilatçılıqdan razı qalmışıq”.

Maddi-texniki bazanın yüksəldilməsi və xarici mütəxəssislərlə işbirliyi

Ölkə boksunun dünya idman ailəsinə inteqrasiyasında maddi-texniki bazanın gücləndirilməsi də mühüm rol oynayır. Bu məqsədlə Bakıda Azərbaycan Boks Federasiyasının inzibati binasının təməli də qoyulub. Yeni binanın inşası üçün 2 hektar torpaq sahəsi ayrılıb. Binada 500 nəfərlik idman kompleksi, 200 nəfərlik mehmanxana, üzgüçülük hovuzu və avtodayanacaq fəaliyyət göstərəcək.

Bununla yanaşı, burada transformator yarımstansiyası, qazanxana, nasosxana və su anbarı da quraşdırılacaq.

Avropa Boks Federasiyasının (EABA) prezidenti Umberto Furqoni Bakıda belə bir təməlqoyma mərasimdə iştirak etdikləri üçün sevinclidir. Onun sözlərinə görə, Azərbaycan Boks Federasiyasının inşa edəcəyi kompleks qitədə idmanın bu növünün inkişafına öz töhfəsini verəcək: “Bu, çox möhtəşəm olacaq. Təməli dünya çempionatının startı ərəfəsində qoyulan yeni boks evi Azərbaycanla yanaşı, Avropada da boksun inkişafına təkan verə bilər”.

Maddi-texniki bazanı gücləndirən federasiya rəhbərliyi boksçularımızın yarışlara daha da yaxşı hazırlanması üçün baş məşqçi postuna rusiyalı Yevgeni Kotovu dəvət edib, təlim-məşq toplanışlarının əksəriyyətini ölkə xaricində keçmək üçün şərait yaradılıb. Onun qarşısına isə bütün çəkilərdə lisenziya qazanmaq tapşırığı qoyulub.

“Biz federasiya rəhbərliyinin qarşıya qoyduğu məqsəd və vəzifələri yaxşı başa düşürük. Təbii ki, bunu həyata keçirməyə çalışırıq. Bütün çəkilərdə - 10 lisenziya qazanmağı planlaşdırırıq” – deyə, Kotov bildirib.
Bununla yanaşı, ölkəmizdə qadınlardan ibarət milli komanda da formalaşdırılıb və digər rusiyalı mütəxəssis Aleksandr Denisov bu yığmaya cavabdehlik daşıyır. Zərif cinsin nümayəndələr bir neçə yarışda Azərbaycanın adını yüksək tutublar. Onların lisenziya qazanmaları isə idman tariximizdə yeni səhifə açacaq və yenidən bəzi ölkələrin bizə həsəd aparmasına səbəb olacaq.

Həmçinin, AİBA-nın yeni yaratdığı peşəkarlar arasında WSB liqasında Azərbaycan komandası “Baku Fires” də mübarizə aparır. Məhz bu klubun heyətində mübarizə aparan Soltan Migitinov (75 kq) boks yığmamıza ilk lisenziyanı qazandırıb. AİBA prezidenti Çinq-Kuo Vu sözlərinə görə, yeni yaranan klubun debütü çox uğurlu alınıb: “Dünya çempionatı ilə yanaşı, “Baku Fires” komandası haqda da danışmaq vacibdir. Azərbaycanın bu komandası beynəlxalq arenada gözəl çıxış etdi. Onlar layiqli qələbələr qazandılar”.

Tahir HÜMMƏTOV