15:31 17-10-2011
news_image
1065
DİGƏR NÖVLƏR

Millimiz yarımfinalda uduzub, bürünc mükafatçı kimi təbriklər aldı

İtaliyanın Kataniya şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi sablya növü üzrə 4 idmançı – Sevil və Sevinc Bünyatova bacıları, Aida Ələsgərova, Sabina Mikina, şpaqa növü üzrə isə 1 idmançı – Yuliya Nelyubova təmsil ediblər.

Şpaqa növündə 155 idmançı arasında Yuliya Nelyubova 5 qələbədən sonra məğlub olub və 55-ci yeri tutub. Sablya növündə 122 idmançı arasında Sevil Bünyatova 4 qələbədən sonra uduzaraq 60-cı pilləyə sahib olub. Aida Ələsgərova isə mundialda 8 qələbə qazanıb və Polşa idmançısına məğlub olaraq 19-cu yerdə başa vurub.

Yığmamızın üzvlərindən ən yüksək nəticəni Səbinə Mikina göstərib. O, 1/4 finalda sonradan dünya çempionu olan Sofiya Velikaya uduzaraq, 8-ci olub. Dünya reytinq cədvəlində 375 sablyaçı arasında 52-ci yerdə olan Səbinə Mikina, həmçinin 28 pillə irəliləyib. 107-ci yerdə olan Aida Ələsgərova isə 107-ci yerdən 60-cı pilləyə qalxıb.

Daha böyük qalibiyyətimiz komanda yarışlarında qeydə alınıb. 1/8 finala çıxmaq uğrunda dünya reytinqində 11-ci yerdə olan Yaponiyanı 24-cü pillədə olan Azərbaycan yığması məğlub edib - 45-40. Ardınca isə müşketyorlarımız İngiltərədən qisas alıblar. Belə ki, 1/4 finala yüksəlmək üçün iyulda uduzduğumuz İngiltərəyə bu dəfə 45:44 hesabı ilə qalib gəlmişik.

Millimizin yarımfinalda çinliləri də mübarizədən kənarlaşdırıblar. Heyətlərində dünya çempionu Tan Xuyenin də yer aldığı “qıyıqgözlər” üzərində yüksəlişdə olan Azərbaycan komandası 45-43 hesabı ilə qələbə qazanıb.

Lakin yarımfinalda Olimpiya çempionu Ukraynaya 40:45, üçüncü yer uğrunda matçda isə ABŞ qılıncoynadanlarına 40-44 hesabı ilə uduzan millimiz yekunda 4-cü olub. Son qarşılaşmada məğlub olmamızın səbəbi italyalı hakiminin Səbinə Mikinanın zərbəsini ABŞ komandasının xeyrinə hesablaması olub. Buna etiraz bildirilib. Hətta Hakimlər Komissiyasının üzvü Rusiyada yaşayan həmyerlimiz İlqar Məmmədov da hakimlə bağlı deyib ki, “Olimpiya oyunlarına namizədliyini vermişəm, lakin belə səhvlərdən sonra inanmıram ki, gələcək iclasda bunu təsdiq edim”. Monitora baxan ədalət təmsilçisi isə Azərbaycanın haqlı olduğunu təsdiqləsə də, döyüşü aparan hakim qərarını dəyişməyib. Buna baxmayaraq, bütün zal Azərbaycan komandasını təbrik etdi.

Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Nazim İbrahimov da Kataniyada döyüşləri canlı izləyib. O, komandanın yarışdan 1 həftə əvvəl təlim-məşq toplanışı keçirməsini və onlara təzə formalar alınmasını təmin edib. İdmançıları yarışa isə Gənclər və İdman Nazirliyi göndərib.

Qeyd edək ki, bu çempionat cari ilki lisenziya yarışlarının axırıncısı olub. Gələn ilin I rübündə Fransada, İngiltərədə, Rusiyada və Türkiyədə sonuncu 4 lisenziya yarışları keçiriləcək. Çox güman ki, bu turnirlərdə ya Səbinə Mikina, ya da Aida Ələsgərova Olimpiya oyunlarına lisenziya qazanacaq. Gələn il aprelin 22-də isə Sloveniyada Avropa üzrə zona yarışı keçiriləcək. Finalçılar Olimpiadada iştirak hüququna yiyələnəcəklər.