15:00 18-10-2011
news_image
1409
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan yığması dünyanın ən gənc komandası imiş

Boks üzrə Azərbaycan milli komandası Bakıda keçirilmiş dünya çempionatında ən gənc kollektiv olub. Apasport.az-ın AİBA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamızın orta yaş həddi 20,4 olub.

Yazıda bildirilir ki, boksçularımız gənc olsalar da, uğurlu çıxış ediblər: “Meydan sahibləri 16-cı dünya çempionatında ən gənc komanda olsalar da, onlar 1 qızıl, 1 gümüş medal və daha 2 lisenziya qazana bildilər. Bu boksçular WSB liqasından London Olimpiadasına vəsiqə qazanmış Soltan Migitinova qoşuldular. Ankarada Avropa çempionu olan Salman Əlizadə, Teymur Məmmədovla yanaşı, Elvin İsayevin də hələ 19 yaşı tamam olmayıb. Azərbaycan komandası London Olimpiadasına kimi təcrübəsini artıraraq, planetin ən böyük yarışında uğurla çıxış etməyə çalışacaq”.

Dünya çempionatında çıxış edən 2-ci ən gənc komanda Dominikan Respublikası olub – 20,6 yaş. Onlar Azərbaycan paytaxtına 5 gənc boksçu göndərsə də, Olimpiadaya lisenziya qazana bilməyiblər.

Boks üzrə Meksika millisinin əsasını həmişə gənclər təşkil edir. Onların dünya çempionatında orta yaş həddi 20,7 idi. Ancaq meksikalılar Bakıda lisenziyaya həsrət qaldılar. Oskar Valdes və Oskar Molinalı Meksika komandası oktyabrın 21-də Qvadalaxara şəhərində təşkil olunacaq Pan Amerika oyunlarında uğur qazanmağa çalışacaq. Dünya çempionatının digər gənc komandaları bunlar olub: Türkmənistan - 21,1, ABŞ - 21,3 Kuba - 21, 7, Özbəkistan - 21, 8, Polşa - 22,0, Qırğızıstan - 22, 2.

İstedadlı gənclərdən təşkil olunmuş Kuba yığması Londonda öz sözünü deməyə çalışacaq. Tailand millisinin dünya çempionatlarında ən yaşlı komanda olması artıq ənənəyə çevrilib. Bu komandanın Bakıda orta yaş həddi 26,4 olsa da, onlar təcrübələri hesabına ciddi uğur qazana bilməyiblər. Cənubi-şərqi asiyalılar 3 lisenziyaya sahib olsalar da, medalsız qalıblar.

Qeyd edək ki, Tailand boksçuları 1996-cı ildən bu yana bütün Olimpiadalarda medal əldə edirlər.
Dünya çempionatındakı digər təcrübəli komandalar siyahısı belədir: Kolumbiya - 26,1, İtaliya – 25,7, Rusiya - 25,3, Kanada – 25,2, Çın - 25,1, Mərakeş – 25,0.

Bakıda ümumilikdə, boksçuların orta yaş həddi 23,55 olub. Qızıl medalçıların orta yaş həddi isə 23,9-dir. Milandakı dünya çempionatı (24,2) ilə müqayisədə qaliblər bir qədər cavanlaşıblar.