15:44 20-10-2011
news_image
945
DİGƏR NÖVLƏR

Beynəlxalq “Mingəçevir Reqatası-2011” keçiriləcək

Noyabrın 6-da akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq “Mingəçevir Reqatası-2011” start götürəcək. Apasport.az saytının məlumatına görə, ənənəvi reqatanı Mingəçevir şəhərindəki “Kür” Olimpiya Mərkəzində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) birgə təşkil edəcək.

Məqsəd Azərbaycanda avarçəkmə növlərinin inkişafı, əhali arasında populyarlığının artırılması və avarçəkənlərimizin hazırlıq dərəcəsini təyin etməkdən ibarətdir. Həm akademik avarçəkənlər, həm də kayak və kanoeçilərin mübarizəsinə 18 yaşadək, 23 yaşadək və daha yuxarı yaşlı qadın və kişilər qatılacaqlar.

Akademik avarçəkənlər 1 nəfərlik (1X), 2 nəfərlik qoşa (2X), 2 nəfərlik sükansız (2-) və 4 nəfərlik qoşa (4X) avarlı qayıqlarla 2000 metr məsafəyə yürüş edəcəklər. Bu növ üzrə yarış Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) qaydalarına uyğun təşkil olunacaq.

Kayak və kanoeçilər isə 1 nəfərlik və 2 nəfərlik (K-1, K-2, C-1, C-2) qayıqlarla 200 metr, 500 metr, 1000 metr və 5000 metr məsafələrə yürüşlərə qatılacaqlar. Onlar Beynəlxalq Kanoe Federasiyasının (İCF) qaydalarına uyğun mübarizə aparacaqlar. Beynəlxalq reqata noyabrın 8-dək davam edəcək.

Qeyd edək ki, bütün mükafatçılar Gənclər və İdman Nazirliyi və AMAF tərəfindən diplom və medallarla təltif olunacaqlar.