14:15 22-10-2011
news_image
1224
STOLÜSTÜ OYUNLAR

Yığmamızın baş məşqçisi sürpriz nəticə vəd etdi

Noyabrın 3-də Yunanıstanın Porto Karrose şəhərində kişi və qadınlar arasında şahmat üzrə keçiriləcək komandalararası Avropa çempionatında iştirak edəcək komandaların heyətləri və reytinq göstəriciləri FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) elan edilib. Apasport.az saytının xəbərinə görə, heyətində Teymur Rəcəbov, Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Eltac Səfərlinin cəmləşdiyi kişi yığmamız 2720 xalla iştirakçı 38 ölkə arasında üçüncüdü. Rusiya (2752) və hazırkı olimpiya çempionu Ukraynadan (2738) geri qalan Azərbaycandan sonrakı yeri isə 2715 xalla Ermənistan tutur.

Qadın yığmamıza gəlincə, heyəti Gülnar Məmmədov, Nərmin Kazımova, Nərgiz Umudova, Zeynəb və Türkan Məmmədyarova bacılarından ibarət olan milimiz ilk "üçlük"də Rusiya (2516), Ukrayna (2479) və Gürcüstanın (2460) yer aldığı cədvəldə 2282 xalla 17-cidi.

Bu arada kişilərdən ibarət yığmanın kapitanı Vladimir Tukmakovla (Ukrayna) əlaqə yaratmaq cəhdimiz baş tutmasa da, qadın yığmamızın baş məşqçisi Fikrət Sideyifzadə ilə söhbətləşib AÇ-2011-ə qatılacaq şahmatçılarımızın vəziyyəti haqda məlumat verməsini istədik: "Hər iki komandamız çempionata iddialı gedir. Bildiyiniz kimi, 2009-cu ildə Novı-Sadda keçirilən analoji yarışda Azərbaycanın kişilərdən ibarət yığma komandası çempion adını qazanmışdı. İndisə komandamız öz titulunu qorumağa çalışacaq. Komandanın qarşısına ilk 3 yerdən birini tutmaq vəzifəsi qoyulub. Mənim kapitanı olduğum qadınlardan ibarət yığma da AÇ-yə iddialı gedir. Bildiyiniz kimi, iki il öncə keçirilən AÇ-2009-da qadın yığmamız Ukrayna yığması ilə birlikdə eyni xal toplasa da, əlavə əmsallara görə, 4-cü olmuşdu. Ötən il isə zəriflərimiz Ümumdünya Şahmat Olimpiadasında 3-7-ci yerləri bölüşdürdü. Düzdü, reytinq göstəricisinə görə, qadın yığmamız kişilərlə müqayisədə çox geridi. Bu göstəriciyə əsaslanaraq, demək olar ki, yığmamızın AÇ-2011-də 5-ci olması realdı. Amma buna baxmayaraq, qadınlarımız yenə də heç kəsin gözləmədiyi nəticəni göstərməyə çalışacaqlar. Çünki bu komandanın da qarşısına mükafatçılar arasında yer tutmaq vəzifəsi qoyulub. Ümid edirəm ki, hər iki komandamız AÇ-2011-də ümidləri doğruldacaq".