12:41 26-10-2011
news_image
1371
DÖYÜŞ NÖVLƏRİ

Əli İsmayılov fikrindən daşındı: Allah eləməsin, yenə uduzsam...

Azərbaycanlı peşəkar boksçu Əli İsmayılov karyerasını başa vurmaq fikrindən daşınıb. Bu barədə məlumatı apasport.az saytına idmançının özü verib.

O bildirib ki, artıq məşqlərini bərpa edib və noyabrın 4-də növbəti döyüşünə çıxacaq: “Düzdür, son görüşlərdə məğlubiyyətlərdən sonra rinqi tərk etmək istəyirdim. Lakin promouterum karyeramı belə başa vurmağımı istəmədi. Bunun üçün çıxışımı davam etdirəcəyəm. Artıq 20 gündür məşqlərə başlamışam və növbəti rəqibim barədə də ilkin məlumatlar toplayıram. Çünki müəyyən fasilədən sonra növbəti döyüşümü Moskvada keçirəcəyəm. Burada Denis Lebedevlə Ceyms Toninin görüşəcəyi gün mən də rinqə çıxacağam”.

Ağır çəkidə keçmiş dünya çempionu, 37 yaşlı qayanalı Ueyn Braytueytlə üz-üzə gələcək İsmayılov bildirib ki, bu döyüş çox şeyə aydınlıq gətirəcək: “Bilirsiniz, bu boksçu ilə görüşdən sonra karyerama tam aydınlıq gələcək. Çünki mən bu dəfə məğlubiyyətləri unutdurub, qələbə qazanmaq istəyirəm. Qarşılaşma reytinq xarakterli və 8 raunddan ibarət olacaq. Braytueytə qalib gələcəyim halda, Lebedevlə revanş döyüşünü keçirəcəyəm. Bu isə son görüşüm ola bilər. Boksla qalib kimi vidalaşmaq istəyirəm. Amma bu da hələ yekun qərar deyil. Ola bilsin ki, yenidən növbəti görüşlər barədə fikirləşim. Ancaq Allah eləməsin, noyabrın 4-də uduzsam, yenə də necə olacağını deyə bilmərəm. Mən Moskvaya yüksək əhval-ruhiyyədə yollanacağam və reytinqimi artırmağa çalışacağam”.

Qeyd edək ki, İsmayılov peşəkar boksçu kimi keçirdiyi son 4 görüşü məğlubiyyətlə başa vurub. Bundan sonra isə o vida görüşü ilə karyerasını bitirmək qərarına gəlmişdi.