14:47 27-10-2011
news_image

“Croatia open”ə 6 qadın taekvondoçumuz yollanır

Xorvatiyanın açıq çempionatında (“Croatia open”) iştirak edəcək taekvondo üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının da heyəti dəqiqləşib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, noyabrın 5-6-da Zaqrebdə keçiriləcək yarışda 6 idmançımız qüvvəsini sınayacaq.

Səfərə kişilərdən ibarət komandanın baş məşqçisi Ələkbər İmaməliyevin rəhbərliyi altında yollanacaq yığmamızın heyətində Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Günay Ağakişiyeva, Səbinə Mikayılova ( hər ikisi 57 kq), Kim Vonkyunq və Fəridə Əzizova ( hər ikisi 67 kq) güclərini yoxlayacaq.

Bu arada kişilərdən ibarət millimizin heyətinə daha bir taekvondoçu əlavə edilib. Bu 74 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyacaq Kim Kvanqseokdur. Milliləşdirilmiş legionerimizdən öncə isə Fariz Əliyev (68 kq), Elvin Məmmədov, İlkin Şahbazov (hər ikisi 74 kq), Ramin Əzizov, Bayraməli Vəliyev (hər ikisi 80 kq), Fərid Tağızadə (87 kq) və Təvəkkül Bayramovun (+87 kq) Xorvatiyaya yollanacağı bəlli idi. Beləliklə, açıq çempionatda yığmalarımız 14 idmançıya güvənəcək.

Qeyd edək ki, noyabrın 3-də səfərə çıxacaq taekvondoçularımız Vətənə noyabrın 7-də dönəcəklər.