12:14 29-10-2011
news_image
1068
DİGƏR NÖVLƏR

Yığmamızın baş məşqçisi səfərə silahla yollanır

Noyabrın əvvələrində Gürcüstanın paytaxtı Tiflisdə güllə atıcılığı üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının xəbərinə görə, yarışda baş məşqçi İradə Aşumovanın rəhbərliyi altında bizim idmançılar da çıxış edəcək.

Afina Olimpiadasının üçüncüsü və dünya və Avropa çempionatlarının mükafatçısı olan baş məşqçi Tiflis turnirinə əsasən gənclərdən ibarət heyətlə gedəcəklərini bildirdi: "Tiflis bizə yaxın olduğu üçün bu yarışa böyük heyətlə, özü də əsasən gənclərlə gedəcəyik. Qadınların yarışında Nigar Bağırova, Xavər Cəbrayılova və Zərifə Qasımova, qızların yarışında isə 17 yaşlı Cəmilə Kazımova ilə 15 yaşlı Nərminə Səmədova atəş xəttinə çıxacaq. Kişilərə gəlincə, bu yarışda ölkəmizi Rəsul Məmmədov və Kamran Axundov, oğlanlardan isə Əfran Axundov (15 yaş) təmsil edəcək. Bunların hamısı pnevmatik tapançadan 10 metr məsafəyə atəş açacaqlar. Ötən il bu turnirin qalibi kimi Rəsul Məmmədov, ondan əvvəlki iki il isə Ruslan Lunyov Tiflisdən kubokla qayıtmışdı".

Aşumova "Ekspressfutbol" qəzetinə müsahibəsində özünün atəş xəttinə çıxacağının sual altında olduğunu bildirdi: "Mən yarışa baş məşqçi kimi gedirəm. Ancaq buna baxmayaraq, öz tapançamı da aparıram. Birdən ola bilər ki, özümü sınamaq üçün atəş xəttinə çıxaram. Yarışın əsas əhəmiyyəti gəncləri sınaqdan çıxarmaqdı. Qoy onlar da təcrübə toplasınlar və gələcəkdə olimpiya təsnifatlı turnirlərə qatılsınlar. Düzdür, London Olimpiadası üçün artıq gecdi. Bizim lisenziya xarakterli sonuncu yarışımız gələn il 14-20 fevralda Finlandiyada keçiriləcək Avropa çempionatı olacaq. Qaydalara görə, orada ilk 4 yeri tutan snayperlər Londona lisenziya qazanmış olacaqlar. Əgər həmin yarışda ilk 4 yeri tutanlar əvvəlcədən lisenziya qazananlar olsalar, onda lisenziyalar müvafiq ardıcıllıqla sonrakı yerlərin sahiblərinə veriləcək. Necə ki, mən 16-cı yeri tutmaqla buna nail oldum. Təsəvvür edin ki, serbiyalı 2 qat Olimpiya çempionu Yasno Sekariç hələ də Londona vəsiqə qazana bilməyib. Ancaq mən 53 yaşında lisenziya qazanmışam. Buna görə gərək mənə heykəl qoyulsun. Mən pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmaqda lisenziya qazansam da, Olimpiadada 2 məsafədən - 10 və 25 metrdən atəş açacağam. Hər bir idmançının medal qazanmaq iddiası olur. Mən də London Olimpiadasında mükafatçılar arasında yer tutmaq istəyirəm. Ona görə isə mütləq və mütləq çox işləmək, əmək sərf etmək lazımdı. Vaxt tamam az qalıb. Artıq Londonda atəş xəttinə çıxacağım günü də bilirəm. İyulun 29-da 10, avqustda isə 25 metr məsafəyə atəş açmalı olacam".