00:07 31-10-2011
news_image
942
STOLÜSTÜ OYUNLAR

“Nəticəni əvvəlcədən bilmək olsaydı, nə vardı ki...”

Kişi və qadın şahmatçılardan ibarət milli komandamız Avropa çempionatında iştirak etmək üçün Yunanıstanın Porto Karras şəhərinə yollanıb. Bu barədə məlumatı apasport.az saytına açıqlamasında yığmamızın aparıcı üzvü Vüqar Həşimov verib.

Onun sözlərinə görə, sabah ilk rəqibimizin kimliyinə aydınlıq gələcək: «Əmsallarda üçüncüyük. Rəqib hələ bilinmir. Noyabrın 1-də yeni əmsallar açıqlanacaq və ona uyğun komandaların start nömrələri müəyyənləşəcək».

Qrossmeyster qeyd edib ki, komandamız bir dəfə eyni yarışda öz sözünü deyib. Millimiz hazırda dünyanın güclü kollektivlərindən sayılır. Ona görə, bu yarışda da iddialıdırlar: «Nəticəni əvvəlcədən bilmək olsaydı, nə var idi ki... Çalışmalıyıq, yaxşı oynayaq. Avropa çempionatının favoritlərindən hesab olunuruq. Ümid edirik ki, Allahın köməkliyi ilə sonda qələbə bizim olacaq».

Məlumat üçün bildirək ki, qitənin ən güclü komandalarının yarışı noyabrın 3-də start götürəcək və 9 gün davam edəcək. Kişilərdən ibarət millimizin kapitanı Vladimir Tukmakov bu sınaqda Teymur Rəcəbov (2752), Vüqar Həşimov (2756), Şəhriyar Məmmədyarov (2746), Qədir Hüseynov (2626) və Eltac Səfərliyə (2627) şans verəcək. Qadın yığmamızın baş məşqçisi Fikrət Sideyifzadə isə Zeynəb Məmmədyarova (2314), Gülnar Məmmədova (2290), Türkan Məmmədyarova (2270), Nərmin Kazımova (2245) və Nərgiz Umudovanın (2210) xidmətindən yararlanacaq.

KAMRAN