12:38 31-10-2011
news_image
1181
DİGƏR NÖVLƏR

Ələkbər Məmmədov ikinci oldu

Oktyabrın 29-da Bakıda start götürən CSİ-3* kateqoriyalı beynəlxalq atçılıq turnirinə bu gün yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Binə Atçılıq Mərkəzində keçirilən yarış Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunub.

Turnirdə Azərbaycanlı çaparlarla yanaşı, Gürcüstan, Fransa, Hollandiya, Ukrayna, Qazaxıstan, Rusiya və Polşadan olan idmançılar da iştrak edirlər.

İlk yarış günü iki mərhələdən ibarət olub. Ümumi mükafat fondu 156 min dollar olan yarışın birinci günü çaparlar ilkin mərhələdə 8 min dollar mükafat uğrunda mübarizə aparıblar. Fransalı idmançı Jean Pierre “Bil Klinton” ləqəbli atla bütün rəqiblərindən güclü olmağı bacarıb. İkinci yeri “Qroq” ləqəbli atla həmyerlimiz Ələkbər Məmmədov tutub. Gürcüstanlı Şalva Gaçeçiladze isə “Conrad De Lux” ləqəbli atla üçüncü olub.

Turnirin ikinci mərhələsində isə idmançılar 31 min dollar mükafat uğrunda mübarizə aparıblar. Polşalı Aleksandra Lusina “Bahar MNM” ləqəbli atla daha yaxşı nəticə göstərib. Həmyerlimiz Camal Rəhimov “Palatin E” ləqəbli atla ikinci, Aleksandra Lusina “Kalinka MNM” ləqəbli atla üçüncü olub.

Daha sonra idmançılar ilk mərhələdə olduğu kimi 8 min dollar uğrunda yarışıblar. Bu dəfə Gürcüstanlı Qeqi Metonidze “Erosi” ləqəbli atla bütün rəqiblərini arxada qoyub. Qazaxıstanlı Aleksandr Tişkov “Aman” ləqəbli atla ikinci yeri tutub. Həmyerlimiz Etibar Xəlilov isə “Arko VDH” ləqəbli atla üçüncü olub. Yarışın ikinci günü keçirilən son turnirdə də idmançılar 31 dollar mükafat uğrunda mübarizə aparıblar. Hollandiyalı Harri Smolders “Concorde 57” ləqəbli atla baş mükafata sahib çıxıb. Camal Rəhimov “Woodie” ləqəbli atla ikinci, Şalva Gaçeçiladze isə “Chewing Gun” ləqəbli atla üçüncü olub.

Qeyd edək ki, hər 2 gündə keçirilən sonuncu mərhələ oyunları Olimpiya oyunlarına lisenziya xarakterli olub. Beynəlxalq atçılıq yarışının sonuncu və əsas mərhələsi bu gün saat 15-də keçiriləcək.