11:50 02-11-2011
news_image
931
DİGƏR NÖVLƏR

Aşumova irəlilədi, Meftahətdinova gerilədi

Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) noyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, son yarışlarda uğursuzluqdan yaxa qurtara bilməyən snayperlərimizin göstərdikləri nəticələr siyahıda öz əksini tapıb.

Belə ki, yığmamızın aparıcı üzvlərindən yalnız London-2012-yə lisenziya qazanan İradə Aşumova cəmi 1 pillə irəliləyib. O, 10 m məsafəyə atəşaçmada 28 xalla 59-cu yerə yüksəlib. 25 metr məsafəyə yarışanların mübarizəsində isə həmyerlimiz mövqeyini qoruyub – 33-cü yer.

Aşumova ilə yanaşı, güllə atıcılığındakı digər təmsilçimiz Nigar Bağırova isə hər 2 məsafəyə atəşaçmada (10 və 25 m) 2 pillə geriləyib. O, müvafiq olaraq, 83-cü və 121-ci yerlərə enib.

Kişi güllə atıcıların reytinqində Ruslan Lunyov Bağırovanın “yolu” ilə gedib. Təmsilçimiz 10 m məsafəyə atəşaçmada 2 rəqibini özündən irəli buraxıb və 54 yerdə qərar tutub.

Stend atıcılığında da həmyerlilərimiz mövqelərini yaxşılaşdıra bilməyiblər. Skit növündə qüvvəsini sınayan Olimpiya çempionumuz Zemfira Meftahətdinova 1 pillə geriləyib. O, hazırda 486 xalla 18-cidir. Bu növdə digər snayperlərimiz Nurlana Cəfərova və Recina Meftahətdinova isə yerlərində sayıblar. Onlar müvafiq olaraq, 31 və 70-ci yerləri tuturlar.