13:21 02-11-2011
news_image
1414
STOLÜSTÜ OYUNLAR

Biri iddialı, biri iddiasız

Sabah Yunanıstanın Porto Karras şəhərində şahmat üzrə komandalararası Avropa çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda Azərbaycanın qadınlardan və kişilərdən ibarət milli komandaları da qüvvələrini sınayacaqlar.

Yarışa ukraynalı kapitan Vladimir Tukmakovun rəhbərliyi altında yollanan Teymur Rəcəbov, Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Eltac Səfərlidən ibarət yığmamız bu dəfə titulunu qorumağa çalışacaq. Çünki 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində keçirilən son Avropa çempionatında qızıl medal qazanan zəka sahiblərimiz Yunanıstanda da bu uğuru təkrarlamaq gücündədir.

38 kişi komandalara arasında reytinqinə görə üçüncü olan millimizin vətənə medalsız qayıtması uğursuzluq kimi qəbul ediləcək. Çünki Olimpiya çempionu Tukmakovun Azərbaycana gəlişindən sonra yığma ilə hələ ciddi bir uğur qazanmayıb. Düzdür, təcrübəli mütəxəssis SOCAR-ın klublararası Avropa çempionatında gümüş medal qazanmasına öz töhfəsini verib. Lakin əsas komandamız onun kapitan seçilməsindən sonra nə Olimpiadada, nə də dünya çempionatında mükafatçılar sırasına düşə bilib.

Son Avropa çempionatında 4-cü yeri tutan qadınlardan ibarət yığmamızdan isə medal gözləmək, bir qədər sadəlövhlükdür. Çünki Fikrət Sideyifzadənin rəhbərliyi altında Porto Karrasa yollanan Zeynəb Məmmədyarova (2314), Gülnar Məmmədova (2290), Türkan Məmmədyarova (2270), Nərmin Kazımova (2245) və Nərgiz Umudova (2210) son yarışlarda əvvəlki formalarını nümayiş etdirə bilməyiblər. 28 komanda arasında reytinqinə görə cəmi 11 yığmanı qabaqlayan millimizin yenidən ilk “beşlik”də yer alması onlar üçün uğur sayılacaq.

Qeyd edək ki, 9 turdan ibarət olacaq çempionatın qalibi noyabrın 11-də müəyyənləşəcək.